“Hörümçək” qalmaqalını üzə çıxaran RAFİQ İSMAYILOV – “Bu gün daha bir sözü paylaşacam”

Hazırda oxunan: “Hörümçək” qalmaqalını üzə çıxaran RAFİQ İSMAYILOV – “Bu gün daha bir sözü paylaşacam”

55927

2021-ci ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən “hörümçək” sözünün çıxarılaraq “spayder” ifadəsi ilə əvəz edilməsi ictimaiyyətdə bimənalı qarşılanmayıb. 

Məsələni gündəmə gətirən "Altun-kitab" nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov bu gün Orfoqrafiya lüğətindən çıxarılan daha bir sözü açıqlayacağını deyib:

“Mən onu paylaşanda güman etmirdim ki, bu qədər səs-küy doğuracaq. Sadəcə olaraq hamının və tərtibçilərin diqqətini buna çəkmək istədim ki, belə bir səhv olub. Hesab etmirəm ki, “hörümçək” sözü sonuncu lüğətdən qəsdlə çıxarılıb və o “spayder” ifadəsi ilə əvələnib. Elə deyil... Məlum oldu ki, “spayder” sözünün başqa mənaları var. “Hörümçək” ifadəsi isə texniki səhv nəticəsində lüğətdən çıxarılıb.

Çünki lüğətdə “hörümçək” sözü yoxdur, amma “hörümçəkkimilər”, “hörümçəyəbənzər” ifadələri var. Müəmmalı olan odur ki, ondan əvvəlki lüğətlərdə “hörümçək” sözü çıxarılmayıb. Sonuncu lüğətdə niyə birdən-birə bu ifadə çıxsın və dərhal “spayder” ifadəsi ortaya çıxsın?
 

Bu sözün heç bir şərhlə ifadə olunmaması bizdə şübhə yaratdı. Ümumiyyətlə belə səhvlər çoxdur və bu gün daha bir sözü paylaşacam.


Çünki dərslik müəllifiyəm və bu sözlərin hansısınınsa olmaması, yaxud düzgün yazılmaması ucbatından biz çox əziyyət çəkirik. Dərsliklər lüğətlərə uyğun olmalıdır. Bu səhvlərin kökündə lüğətçilik işinin çox zəif olması, işin təşkil olunmasında müasir texnalogiyaların istifadə olunmaması, onun köklü şəkildə dəyişikliyə ehtiyacı olduğu göstərilir. Məsələnin kökündən həll edilməsi üçün elmi prinsiplər hazırlanmalıdır”.

Dilçinin sözlərinə görə dəfələrlə dilin milli lüğət korpusunun yaradılması və ora bütün mətn külliyamızın daxil edilməsi təklifi ilə çıxış edib:

“Hansı ki, sözlərin həm orfoqrafik normasını, həm də izahını müəyyənləşdirərkən həmin korpusa müraciət edilməlidir. 20 il əvvəl dilçimiz Tofiq Hacıyev “metafora” – “metafor” olmalıdır dedi və o ifadə elə yazıldı. Amma indi bu ifadə hamı tərəfindən eyni qəbul olunmur. Bəziləri “metafora” bir qism isə “metafor” yazır. Yəni söz sabitləşdiyi halda, onu dəyişməyə nə ehtiyac var? Baxın görün “Oksford” və “Vebser” lüğətləri necə işləyir. Onlar hamısı lüğət korpusu əsasında işləyir”.  

Rafiq İsmayılov qeyd edib ki, Orfoqrafiya lüğətinin elektron variantının olmamasına görə Dilçilik İnstitutuna irad bildirib:
 

“Orfoqrafiya lüğəti Dilçilik İnstitunun əsas elmi nəticəsi kimi birinci yerdə durur. İnstitutun ştatında ən azı 20-dən çox şəxsin siyahısı var. “Azleks” elektron lüğətinin müəllifi mənəm. Ola bilməz ki, Azərbaycan kimi bir ölkənin elektron lüğət bazası olmasın.  


Lüğətdə 3-5 səhvin olması başadüşüləndir. Amma Sovet dövründə o cür səhvlər kitabın sonunda bir səhifədə qeyd edilirdi və düzgün yazılışları əks olunurdu. Dilçilik institutu bunu da etmir. Sonuncu lüğəti niyə hamı üçün əlçatan etmirlər? Niyə elektron variantı yoxdur? Mən özüm Orfoqrafiya.az saytı da yaratmışam.

Elə işləyir ki, sözü səhv də yazsan, sayt ifadənin düzgün variantlarını çıxarır. Pulsuz şəkildə bu saytları ictimaiyyətə təqdim etmişəm.

Halbuki bunu dövlət büdcəsindən maliyyələşən institut etmir. Niyə mən eləməliyəm? Bəs, dövlətin ayırdığı pullar hara gedir? İlin günün hansı vaxtıdır ki, lüğətlər yalnız çap variantında buraxılır. Redaktor, jurnalist, yazar, hər kəs bunun üçün internetə müraciət edir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin