Rusiyanın “Birinci kanal”ında yayımlanan “Непутевые заметки” verilişinin bu dəfəki buraxılışında Bakı və “Şahdağ” Turizm Mərkəzi haqqında geniş məlumat verilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə hazırlanan verilişdə paytaxtın möhtəşəm memarlığı, özüməməxsus gözəlliyi, yeni il ərəfəsində mərkəzi Nizami küçəsində təşkil olunan xeyriyyə yarmarkası və paytaxt sakinlərinin qonaqpərvərliyindən bəhs olunub.
Verilişdə, həmçinin “Şahdağ” Turizm Mərkəzi, burada turistlərə təklif olunan xizəksürmə, dağda gəzinti, paraplan uçuşları və s. kimi əyləncə növləri, hotellər, eləcə də yaxınlıqda yerləşən və təbiəti ilə turistlərin diqqətini cəlb edən Ləzə kəndi və sakinləri haqqında ətraflı məlumat verilib.
1996-cı ildən Rusiyanın müxtəlif televiziya kanallarında Dmitriy Krılovun aparıcılığı ilə yayımlanan verilişdə bütövlükdə ölkənin zəngin mədəniyyət və tarixə malik olduğu, səyahət edənlərin unudulmaz təəssüratlarla geri döndüyü xüsusi vurğulanıb.
Bizim.Media