Hacı Şahin Həsənli: “Müzakirə zamanı əsəbi münasibət yolverilməzdir” - "Sonuncu şam yeməyi" filminə SÖZARDI

Hazırda oxunan: Hacı Şahin Həsənli: “Müzakirə zamanı əsəbi münasibət yolverilməzdir” - "Sonuncu şam yeməyi" filminə SÖZARDI

55659

“Məlum olduğu kimi, son günlər "Sonuncu şam yeməyi" filmi geniş müzakirələrə səbəb oldu. Bir qrup inanclı insanlar hesab edirlər ki, filmdə xalqımızın inancları gülüş obyektinə çevirlib, digərləri satiranın bir qədər aşırı formasının seçildiyi qənaətindədir. Narazılıqlar da əsasən bundan doğub”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində ilahiyyatçı Hacı Şahin Həsənli yazıb.

“Dünən filmin yaradıcıları ilə görüşdük, fikir mübadiləsi apardıq. Düşünürəm ki, yaradıcı insanlarla, açıq düşüncəli gənclərlə ünsiyyət istənilən halda faydalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

“Yuxularımızda bu məsciddə ibadət etdiyimizi görürdük” - Hacı Şahin


Bu baxımdan Əlixan Rəcəbov və gənc həmkarı İbrahim Heydərov ilə görüşümüzü ümumiyyətlə faydalı hesab edirəm. Fikir mübadiləsi zamanı ortaq mövqeyimiz bu oldu ki, xurafatla mübarizə aparmaq lazımdır.

Təbii ki, hər kəs öz sahəsinə uyğun bir üslub seçir: kimi elmi, kimi nəsihəti, kimi də yaradıcılığı ilə. Bu işdə, düşünürəm, cəmiyyətimizin bütün nümayəndələri bir birinə dəstək verməlidirlər.

Qeyd olundu ki, insanımızın mənəvi mövzularda diqqətli və həssas olması da təbii və başadüşüləndir. Həmsöhbətlərim vurğuladılar ki, tamaşaçı qədər onlar da bu məsələlərə həssas və məsuliyyətli yanaşırlar.

Filmin yaradıcı heyəti də bu fikirdədir ki, mənəvi dəyərlər və inanc sürətlə dəyişən dünyada xalqımızın ayaqda qalmasının əsas şərtidir. Onlar mənəvi dəyərlərin istismarı, insan həyatının dəyərsizləşməyi kimi qlobal problemlərin özünəməxsus bədii həllini tapmağa cəhd göstəriblər.

Söhbət zamanı onlar kiminsə inancına toxunmağı ağıllarından belə keçirmədiklərini xüsusi vurğuladılar. Onlar əslində inanclı insanların da adını bədnam edən ünsürləri ifşa etməyi hədəflədiklərini bildirdilər”, deyə o, qeyd edib.

Hacı Şahin Həsənli müzakirə mövzusu olan məsələlərlə bağlı şəxsi fikir və iradlarını bildirib:

“Fikirlərim hörmətlə dinlənildi. Ən mühüm olan budur ki, cəmiyyətimizdə sağlam dialoq mədəniyyəti formalaşmalıdır. İstənilən məsələnin müzakirəsi zamanı əsəbi, aqressiv münasibət yolverilməzdir. Razılaşmadığın insanı linç etmək, şəxsiyyətini hədəfə almaq heç bir məsələnin düzgün həll yolu deyil.

İnşallah, gələcəkdə daha böyük uğurlara imza atacaq, bu kimi anlaşılmazlıqları önləməyə çalışacaqlar.

Sonda çox istərdim ki, elmi və bədii yeniliklər məhz elm və sənət baxımından da müzakirə olunsun. Sağlam tənqid yalnız inkişafa səbəb ola bilər. Azərbaycan gəncliyinin böyük əksəriyyəti müharibədə olduğu kimi bütün sahələrdə fədakar, mənəviyyatlı  və istedadlıdır. Allahdan bütün gənclərimizə uğur arzu edirəm!”.

Bizim.Media




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin