Məişət zorakılığı törədənlərlə bələdiyyələr məşğul olacaq? – Komitə sədrindən AÇIQLAMA

Hazırda oxunan: Məişət zorakılığı törədənlərlə bələdiyyələr məşğul olacaq? – Komitə sədrindən AÇIQLAMA

55351

“Zorakılıq hallarının qarşısının alınmasında bələdiyyələrin müsbət rolu ola bilər. Bələdiyyələr həm profilaktik işlərin aparılmasında mühüm töhfə verə, həm də sığınacaq kimi fəaliyyət göstərə bilərlər”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova son günlər artan məişət zorakılığına qarşı mübarizə yollarının axtarışına münasibət bildirərkən belə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bağçada tərbiyəçi körpəni döydü - Ürəyi zəif olanlar baxmasın! - VİDEO


O, bələdiyyələrin zorakılıq hallarının qarşısının alınmasında nə kimi töhfələr verə biləcəyini qeyd edib:

“Dünyada da belə təcrübələr çoxdur. Dünya təcrübəsində bələdiyyələr müvafiq komissiyalar yaratmaqla yerli səviyyədə bir çox problemlərin qarşısının alınmasına öz töfhələrini verirlər. Məsələn, Avropa ölkələrində (Almaniyada, Avstryada) bələdiyyələrdə gender bərabərliyinin təmin olunması və məişət zorakılığının qarşısının alınması üçün xüsusi komissiyalar yaradılmışdır. Onlar davamlı olaraq maarifləndirmə və profilaktiki işlər aparır, məişət zorakılığı qurbanları üçün sığnacaq yaradırlar. 

Qardaş Türkiyədə bələdiyyələrdə qızların təhsildən yayınma, erkən nikah, məişət zorakılığının qarşısının alınması hallarının aradan qaldırılması üzrə xüsusi proqramlar var. Həmçinin yerlərdə ailədaxili münaqişələrin sayının azaldılması üçün “ailə psixoloqu” layihəsi həyata keçirilir və vətəndaşlara pulsuz xidmət göstərilir. 

Qonşu Gürcüstanda da bələdiyyələrin yanında gender bərabərliyi komissiyaları yaradılıb.
 

Xüsusilə vurğulamaq lazımdır ki, qadın və qızlara qarşı zorakılıq hallarının aradan qaldırılmasında bələdiyyələrin fəaliyyəti önəmlidir.


Çünki bələdiyyələr insanları, onların ailədaxili münasibətlərini, münaqişəli ailələri, erkən yaşda nikaha məcbur edilən qızlar barəsində daha dəqiq məlumatlı olurlar. Bu baxımdan onlar qeyd etdiyimiz neqativ halların aradan qaldırılmasında yaxından iştirak edə və monitorinq qruplarının fəaliyyətiniə də öz dəstəklərini göstərə bilərlər. Ona görə də belə bir yanaşma özünü doğruldacaqdır”.

Millət vəkili bələdiyyələrin bu cür fəaliyyətlə məşğul olmasının qanunvericiliyə uyğun olduğunu da diqqətə çatdırıb:

“Qanunvericiliyə görə bələdiyyələr daimi və başqa komissiyalar yarada bilər. Onların əsas vəzifələrindən biri də fəaliyyət göstərdiyi ərazidə yaşayan imkansızlara, xəstələrə və çətin həyat şəraitində olan şəxslərə (ailələrə) yardım göstərməkdir. Burada, eyni zamanda insan alveri qurbanları, zorakılığa məruz qalmış şəxslər, ahıllarda nəzərdə tutulur”. 

Hicran Hüseynova bələdiyyələrin bu xüsusda fəaliyyət göstərə bilməsi üçün lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:

“Əlbəttə ki, bələdiyyələrin bu fəaliyyəti göstərməsi üçün imkanları və resursları olmalıdır. Buraya həm yer, avadanlıq, lazim olan digər vasitələr, həm də insanlara işləyə biləcək mütəxəssislər, xüsusi ilə psixoloqlar, sosial işçilər, hüquqşünaslar  daxildir. Ona görə də Bələdiyyə institutuna münasibət dəyişməli, bələdiyyələr özləri də insanları aktiv fəaliyyət  cəlb etmək üçün tədbirlər görülməlidirlər”.

Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanvarın 12-də keçirilən tədbirində sədr müavini Sədaqət Qəhrəmanova da  məişət zorakılığını törədən şəxslərlə işləmək üçün bələdiyyələrin işlərə cəlb olunmasının planlaşdırdıqlarını qeyd edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin