Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun həbs olunacağını əsas gətirərək Azərbaycana dönməkdən imtina etməsi və yalnız telefonla ölkədəki mövcud durum barədə məlumat alması müxalif düşərgədə və bütövlükdə cəmiyyətdə çoxsaylı şayiələrə rəvac verib. Hətta bəzi iddialara görə buna görə Milli Şuranı qılınclayanlar da var ki, həbs olunacağından qorxan və Rusiya prezidenti ilə alver edən adamın belə bir siyasi qurumda nə ölümü var...?
Amma fikirlərini Moderator.az-a açıqlayan MŞ koordinasiya mərkəzinin üzvü, tanınmış hüquqşünas Namizəd Səfərov fərqli düşünür:
"Fəxri sədr heç vaxt aktiv olmur. Rüstəm İbrahimbəyov digər ziyalılardan fərqli olaraq öz sözünü dedi və bu gün də sözlərinin arxasından qaçmır. Mənim fikrim budur ki, o heç kimlə alver etməyib və alver edənlərdən də deyil. Millətin MŞ-nı qılıncladıgını görmürəm. Millətin elə gözünü tikdiyi, ümidini bağladığı bir qurum varsa, o da Milli Şuradır. Real fəaliyyəti zəifdir, hələlik nəyə isə nail ola bilmir, bu başqa məsələdir. Ölkədə repressiyalar tüğyan edir. Rejim kimi istəyir tutub dama basır. MŞ-nın üzvləri də təqib olunurlar. Bu şərairdə, siyasi mühitdə fəaliyyət göstərmək asan deyil.
Hakimiyyət Milli Şuranın toplandığı məkana od vurub yandırmaq, ərazini partlatmaq əzmindədir və bunu hamının gözü qarşısında heç nədən qorxmadan, çəkinmədən həyata keçirir. Azərbaycan hakimiyyəti demokratik, mütərəqqi dünyaya meydan oxuyur. Belə bir şəraitdə xalq müxalifətdən nə tələb edə bilər ?! Xalq ölkədə baş verənləri yaxşı görür və başa düşür. Belə bir şəraitdə Rüstəm İbrahimbəyov nə edə bilər? Tutaq ki, Bakıya gəldi və elə təyyarə limanında həbs olundu. Görün Leyla Yunusun başına təcridxanada nə oyunlar açılır?! Unutmayaq ki, Leyla Yunus Sülh və Demokratiya İnstitunun Direktorudur. Bu rejim heç bir titulun qarşısında geri çəkilmək fikrində deyil. Heç mən də R.İbrahimbəyovun gəlib həbsdə oturmasının tərəfdarı deyiləm."


































































































