“Tapılan qadının dərhal ailəyə təhvil verilməsi çox yanlışdır” - Mehriban Zeynalovadan HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: “Tapılan qadının dərhal ailəyə təhvil verilməsi çox yanlışdır” - Mehriban Zeynalovadan HƏYƏCAN TƏBİLİ

54957

Şəmkirdən qaçan gəlinlə bağlı məsələ hələ də gündəmin müzakirəsindədir. 24 yaşlı Gülbəsti Qurbanovanın bayram axşamı 5 il əvvəl tanıdığı kişiyə qoşulub qaçması ictimaiyyətdə rezonans doğurub.

Gülbəsti Qurbanova evdən qaçma səbəbini 2 illik evliliyində həyat yoldaşı tərəfindən mütəmadi şiddət görməsi və fiziki zorakılığa məruz qalması ilə əsaslandırıb. 

Qeyd edək ki, iki gün əvvəl hüquq mühafizə orqanları Gülbəsti Qurbanovanı Şirvanda taparaq Şəmkirə, ata evinə təhvil veriblər. Gəlin tapılandan sonra ona gəlin köçdüyü ailədən təhdidlər gəlir. Bir sözlə qadının həyatı üçün təhlükə qalır. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hüquq mühafizə orqanlarının gəlini taparaq dərhal ailəsinə təhvil vermələrini qınayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdən qaçan gəlinin dayısı DANIŞDI – Qadını Şirvana aparan şəxs KİMDİR? – ÖZƏL TƏFƏRRÜAT 


O, qorxu və basqı altında olan qadının müvəqqəti hansısa sığınacağa yerləşdirilməli olduğunu bildirib:

“O qadına ər evində münasibət necə olub deyə bilmərəm. Hətta gəlinə qarşı ailədə iqtisadi zorakılığın olub-olmadığını da bilmirik. Belə məsələlər çox olur. Bəzən qadın evdən getmək və boşanmaq istəyir, ona imkan vermirlər. Sonda oğurluq və ya başqa ittihamlar irəli sürülür. Hüquq mühafizə orqanları yaxşı olardı ki, belə məsələlərdə ciddi araşdırma aparsınlar. Bu məsələnin də tərkibində bir zorakılıq faktoru var”. 

Mehriban Zeynalovanın sözlərinə görə tapılan qadını dərhal ailəyə təhvil vermək çox yanlış addımdır:

“Qadına qarşı qaynana tərəfindən təhdid mesajı verilibsə, demək ki, onun üçün təhlükə var. Görürsünüz, təhdidi zorakılıq hesab etmirlər. Üzləşdirməni belə hansısa sığınacaqda etmək lazımdır. İlkin etapda qadını Gəncə qadın sığınacağına da yerləşdirmək olardı. Vəziyyəti öyrənib, sonra ailəyə təhvil verilə bilərdi. Çünki onun da müdafiəyə ehtiyacı var. Çox sayda xoşagəlməz facilər yaşanır. İdarənin özündə belə təhlükə ola bilərdi. Bundan əlavə qorxan qadının yanında sosial işçi olmalı idi”.

Xatırladaq ki,  1998-ci il təvəllüdlü Gülbəsti Qurbanova sonuncu dəfə dekabrın 31-i ər evindən çıxıb və geri qayıtmayıb.

Qayınanası Ceyran xanımın sözlərinə görə, gəlini evdən gedən zaman özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını, eləcə də evdə qayınına məxsus pulu aparıb. Həmin gündən sonra ondan xəbər çıxmayıb. 

Onu da qeyd edək ki, Gülbəsti Qurbanovanın qayınanası Ceyran xanım açıqlamasında gəlinini qəbul etməyəcəyini, hətta qayıtsa, saçını-başını yolacağı ilə təhdid etmişdi.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin