Ucar rayonundan Moderator.az-ın poçtuna bir şikayət məktubu daxil olub. Rayon sakini Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə müraciət edərək vətəndaşların gününü qara edən məmur haqqında tədbir görülməsini xahiş edir:
“Mən Ucar rayon Ş.Fərzəliyev küçəsində yaşayan ikinci qrup müharibə əlili Məhəmmədov Mehman İkram oğlu Ucar rayonunda “Azəriqaz”da baş verən qəribəliklər və bu haqsız pul yığmalar, işçilərin vətəndaşlarla haqsız və tərbiyədən kənar rəftar etmələri ilə bağlı olaraq cənab Rövnəq Abdullayevə müraciət edirəm və bildirirəm ki, “Azəriqaz”ın Ucar rayon şöbəsində satış şöbəsinin müdiri olan Validə xanım Ucar əhalisinin gününü qara edib.
Neçə ildir ki, hər ay pul ödədiyim halda bu gün qurum nümayəndələri yatıb yuxuda gördükləri rəqəmi debitor borc adı altında abonentlərə “yükləməklə” məşğuldurlar.
Dünən Validə xanım əlində dəmirkəsən mişar olan adamlarını ünvanıma yollayıb ki, bəs qaz verilişini dayandırmaq üçün sayğacına qoşulmuş qaz borusunu kəsirik. Bütün bunlarla bağlı Ucar qaz şəbəkəsinə getdim, orda Validə xanımla görüşüb etirazımı bildirdim. Ancaq burda qarşılaşdığım və Validə xanımın dedikləri mənim öz dərdimi yadımdan çıxardı...
Satış şöbəsinin müdiri Validə xanım bildirdi ki, oğlum Amerikada oxuyub, çoxlu əlaqələri, dostları var, sənin mənimlə qanunla danışmağa gücün çatmaz.
Bir də ki, bu idarədə bütün problemlər yuxarının etdikləridir.
Hörmətli Rövnəq müəllim!
Ucarın Qazyan kəndində bir ildir ki, qaz verilişi olduğu halda sahə işçisi yoxdur. Bildirişləri kənddə yaşıyan işsiz adamlar, bekar cavanlar, nə bilim daha kimlər kimlər paylayır, bir sözlə, bu ştat yeri könüllülərin fəaliyyətindən təşkil edilib. Bundan əlavə rayonda istismar müddəti başa çatmış həddindən çox sayğac var ki, bu da qaz sərfiyyatında ciddi itkilərə səbəb olur. Şöbə müdiri də məni bu sözlərlə qınayır:
“Sayğaclar düzgün işləmir, bu qədər problem olduğu halda sən də gəlmisən ki, bəs niyə qazımı kəsirsiz, niyə debitor borc yazırsınız...?”
Hörmətli SOKAR prezidenti!
Mən ikinci qrup əliləm və yalan saxta sənədlərlə mənə yazılmış debitor borcun ciddi araşdırılmasını və yuxarıda qeyd etdiyim Validə xanımın mənə dediyi faktların yoxlanılmasını və ciddi tədbirlər görülməsini Sizdən xahiş edirəm.
Məhəmmədov Mehman İkram oğlu”






























































































