Ötən həftə Bakıda baş verən daha bir qadın qətli, son illərdə artan kişi zorakılıqlarını gündəmə gətirib.
Yenə qətl, yenə bitən qadın ömrü...
Əri-1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın yaşadığı evdə balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib.
MÖVZU İLƏ BAĞLI:
Psixoloqdan təəccüblü AÇIQLAMA: “Uşaqlar var ki, onlara yaxşı şillə vurulmalıdır”
Qətlin təfərrüatı haqda isə hələ ki, geniş təfərrüat məlum deyil.
Bəs, artan qadın qətillərinə səbəb nədir? Bu suala sosioloq Ağasəlim Həsənovla cavab axtarmağa çalışdıq.
Qadınlar niyə öldürülür?...
Mütəxəssis danışır...
“Qadın zorakılığı müasir dövrün ən aktual problemlərindən birirdir. Ümumiyyətlə, müasir Azərbaycan ailələrində yaranan problemlərin əksəriyyəti sosial iqtisadi amillərlə bağlıdır. Maddi ehtiyacların qarşılanmaması ailə daxili şiddətlərin və zorakılıqların bir səbəbi ola bilir. Belə münaqişələr də yarandıqda, qadın kişidən fiziki baxımdan zəif olduğu üçün daha çox şiddətə məruz qalır”.
Ağazəlim Həsənovun fikrincə, qadın zorakılığının səbəblərindən biri də cütlüklərin dünya baxışları, dini dəyərlərinin fərqli olmasıdır.
Onun sözlərinə görə, bundan başqa müasir dövrdə informasiya texnologiyalarının inkişafı, müxtəlif sosial şəbəkələrin mövcudluğu da burada rol oynayır.
“Məsələn sosial şəbəkə müstəvisində istər qadın olsun, istər kişi əks cinslə hansısa münasibətlər qura, görüşlər həyata keçirə bilir. Getdikcə, bu görüşlər dərinləşir, aşkarlandıqda isə, hətta faciəlı sonluqla bitir. Bu sonuncu səbəbə görə, minlərlə qətllər törənib və biz bunun canlı şahidi olmuşuq. Nəinki ərləri tərəfindən, ataları, qardaşları və nəsildə olan digər kişilər tərəfindən də öldürülən onlarla qadın var”.
Psixoloq Cahan Əliyeva Bizim.Media-ya açıqlamasında isə bildirir ki, kişilərdə zorakılığa meyillilik çox zaman ailədə düzgün tərbiyə olunmamasından irəli gəlir.
“Valideynlər çalışmalıdırlar ki, cəmiyyət üçün güclü insan böyütsünlər. Qoyun, uşaqlar, əsasən də oğlan uşaqları öz emosiyalarını çıxarsınlar, onlara mane olmayın. Məsələn oğlan uşaqları çox vaxt ağlayanda “ağlama, kişilər ağlamaz” deyə məzəmmət olunurlar.
Uşaqlar bu zaman emosiyalarını boğur və bu sözləri yadda saxlayır. Getdikcə, isə kədərini, dərdini ətrafa aqressiya ilə, ya da özünə qapanma ilə bildirirlər. Bu isə bəzilərini aqressiv, bəzilərini daxildən zəif, qorxaq bir şəxsiyyətə çevirir. Cəmiyyətdə zəif kişi olanlar isə evdə öz kişilyini ondan fiziki cəhətdən zəif olan qadınına, bacısına və.s göstərməyə çalışırlar. Qeyd edim ki, statistikaya görə, seriyalı qatillər və təcavüzkarlar məhz qorxaq insanlar olur”.
Psixoloq kişilərin hegemon böyüməsində bir amillərdən birinin də cinsi ayrıseçkilikdən irəli gəldiyini də vurğulayır.
“Oğlan uşaqları evdə adətən ərköyün tərbiyə edilirlər. Məsələn qız hansısa hərəkəti edən də deyirlər “sənə olmaz, qardaşın oğlandır, ona olar”.
Yaxud da çalışırlar oğlan uşaqlarını qızların üzərində hegemonluq etmələrinə imkan yaratsınlar. “Qardaşından icazə al, qardaşın qoymaz” və s. Belə arqumentlərlə, kişini qadından üstün olmasına, onun əmr verməsinə, istədiyi kimi hərəkət etməsini ona anlatsınlar. Bu da getdikcə, oğlanların “kişiyə hər şey olar” ifadəsini onların beyinlərinə yeridir”.
Sonda Cahan Əliyeva bildirib ki, uşaqlar ailədə şiddət, atanın anaya qarşı aqressiyasını gördükdə, yaxud nəvazişdən qayğıdan kənar böyümələri də onlar natamam bir şəxsiyyət kimi böyüdür.
Vüsalə Balayeva, Bizim.Media