Korrupsiyaya görə 492 nəfər saxlanılıb, 101 milyon manatlıq əmlak müsadirə olunub - RƏSMİ

Hazırda oxunan: Korrupsiyaya görə 492 nəfər saxlanılıb, 101 milyon manatlıq əmlak müsadirə olunub - RƏSMİ

54635

Yanvarın 8-də Baş Prokurorluqda 2021-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışının edilməklə yenilərinin təməlinin qoyulması, Zəfər yolunun və Qarabağın “hava qapısı” Füzuli beynəlxalq hava limanının istifadəyə verilməsi, eləcə də 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi doğma torpaqlarımızın dirçəldilməsinin təminatı olub.

Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan bir gündə - iyunun 15-də Şuşa şəhərində imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında müstəsna siyasi və tarixi əhəmiyyətə malik Bəyannamənin Qarabağ zəfərindən sonra qazanılan növbəti tarixi uğur olmaqla yanaşı iki dost və qardaş ölkə arasında mövcud əlaqələri və əməkdaşlığı yeni strateji müttəfiqlik səviyyəsinə yüksəltdiyi bildirilib.

Görülən işlərin davamı olaraq, ölkə başçısının sərəncamı ilə Qubadlı, Kəlbəcər Hərbi Prokurorluğu və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğunun yaradılması, o cümlədən qısa zaman kəsiyində müasir tələblərə cavab verən Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarının inzibati binalarının istifadəyə verilməsinin Qarabağın yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Hesabat dövründə Prezidentin təşəbbüsü ilə “8 noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün icrası təmin edilməklə hazırkı dövrədək ümumilikdə 10943 nəfər barəsində amnistiya tətbiq edilib.

Bidlirilib ki, korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsi təmin edilmiş, həmçinin 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulmuş, eləcə də cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 2 milyon 195 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.

Hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2-i prokurorluq orqanlarından xaric edilmiş, 5 nəfər vəzifədən azad edilmiş, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilmişdir.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2022-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında zəruri tədbilərin görülməsini təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin