Şəhər nəqliyyatı yeniləndikdən sonra bir sıra xidmətlərdə yeni standartlarla ayaqlaşmağa məcbur oldu. Hər zaman filmlərdə və xarici ölkələrdə müşahidə etdiyimiz avtobuslarda kartla ödəniş sistemi ilk əvvəl paytaxtın mərkəzi ərazilərinə işləyən avtobuslarda tətbiq edilməyə başladı.
Daha sonra isə bu ödəmə sistemi demək olar ki, paytaxtın 70-80% avtobuslarında da istifadə edilməyə başlanıldı.
Lakin...
Yeniliklər özləri ilə problemlər də gətirməyə başladı...
MÖVZU İLƏ BAĞLI:
Nəqliyyata cavabdeh BNA qaydanı necə POZUR? - FOTOFAKT
Bakının ictimai nəqliyyatında gediş haqqının ödənilməsi üçün vahid ödəniş kartları artıq 6 ilə yaxındır tətbiq olunmasın baxmayaraq, sərnişinlər hələ də kart doldurmaq üçün uzun yol, artıq vaxt itkisi sərf etdiklırindən şikayətçidir.
Sərnişinlərdən biri olan Orxan Tağıyev öz problemini belə təsvir edib.
“Bayıl dairəsində iki kart doldurma aparatı var idi, bir ildir ki, ikisinidə götürürblər, lakin yerinə yenilərini qoymayıblar. Yaxşı, niyə bu aparatları 4-5 dayanacaqdan bir qoyub, inasanları zülm salırsınız? Özümüzə əziyyət verib bir dayanacaq gedib, orada olana aparat vasitəsilə kartı doldururduq. 10 gün olar ki, Bayılın girəcəyində və ondan sonra olan dayanacaqda olan aparatı da götürdülər. Hazırda Bayılda 6 dayanacda bir aparat yoxdur. Soruşmaq ayıb olmasın bəs, bu camaat kartlarını harada doldursun? Yoxsa bilə-bilə edirsiz ki, bizi zülmə salasınız?”
Mütəmadi olaraq sərnişinlərdən bu cür şikayətlər eşitmək olur, problem və çətinlik də çox zaman avtobus kartları ilə bağlı olur.
Xatırladaq ki, hələ iki il əvvəl kart sisteminin onlayn ödəməsinin mümkün olması barədə məlumatlar var idi, lakin sərnişinlərin iddialarına görə, bu hələ ki, mümkünsüzdür.
Bizim.Media məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə yaradıb. Qurumun mətbuat katibi Mais Ağayev sözügedən məsələ haqqında danışarkən bildirib ki, sentyabrdan başlayaraq sərnişinlərimizin BakıKartın balansını daha rahat artıra bilməsi üçün müasir texnalogiyalara əsaslanan eyni əlavə imkanlar yaradılıb.
Onun sözlərinə görə, nəticədə artıq avtobus dayanacaq məntəqələrindən kənarda da sərnişinlərə BakıKartın balansını artımaq imkanı yaradılıb.
“Belə ki, əvvəllər sərnişinlərimizin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 MilliÖn və 50 ədəd BakıKart terminalı mövcud idi. Sentyabrda tətbiq edilən yenilik sayəsində hazırda bütün MilliÖn terminalları BakıKart ödənişlərini qəbul edir.
Birdən birə sərnişinlərimizin ödəniş etmə imkanları əhəmiyyətli dərəcə yaxşılaşıb genişlənib. Yəni MilliÖn terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi BakıKart balansınızı da artırmaq olur”.
BNA-nın rəsmisi bir daha sərnişinlərə müraciət edərək bildirib ki, BakıKartın balansını artırmaq üçün hər hansısa avtobus dayanacaq məntəqəsində kart axtarmağa zərurət yoxdu. Bütün digər ödənişlər kimi bunu marketlərdə iaşə obyektlərində olan MilliÖn terminalları ilə edə bilərlər.
Vüsalə Balayeva, Bizim.Media