Ramiz Abutalıbov dəfn olundu - FOTO

Hazırda oxunan: Ramiz Abutalıbov dəfn olundu - FOTO

53787

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov dəfn edilib.

Bizim.Media xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, R. Abutalıbov ötən ilin noyabrında yıxılaraq zədə almışdı, o, bu səbəbdən yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilmişdi.

R. Abutalıbov yanvarın 1-də Moskvada dünyasını dəyişib.

Ramiz Abutalıbov 1937-ci il oktyabrın 27-də ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirib.

1980-1984-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə Komissiyasının sədri vəzifələrində çalışıb.

R.Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin - YUNESKO-nun əməkdaşı olub.

1993-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləyib.

Ramiz Abutalıbov Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb.

Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunub.

Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir.

Parisdə 1989-cu ildə "Azərbaycan evi" assosiasiyasının yaradıcılarından biridir.

O, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində, "İçərişəhər" (2000-ci il) və "Muğam"(2003-cü il) sənətinin ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olub.

Ramiz Abutalıbov 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin