Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili” Qaydalarının 3.4. bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunmuş yay semestrinin imtahanları keçirilir.
Yay semestri, akademik borcların ləğv edilməsi, fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi, habelə ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması məqsədi ilə təşkil olunub.
Universitetlərarası tədris razılığı əsasında Gəncə Dövlət Universitetinin 2 tələbəsi də yay semestrində iştirak edib. İmtahanlar Kompüter Resurs Mərkəzində test üsulu ilə keçirilir. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbələr müvafiq fənlərdən imtahana buraxılmırlar. 2014-cü il 28-29 avqust tarixlərində keçirilən imtahanlarda valideynlərin, mətbuat işçilərinin və digər maraqlanan şəxslərin müşahidə aparmalarına şərait yaradılıb.



































































































