“Son günlər bəzi nəqliyyat ekspertləri sosial şəbəkə platformalarında 2022-ci ilin yanvarın 1-dən Bakı şəhərində dizellə işləyən avtobusların fəaliyyətinə qadağa qoyulacağı ilə fikirlər bildirməkdədir. Sərnişindaşımalar daim ictimaiyyətin diqqət mərkəzində olduğundan bu fikir insanlar arasında narahatlığa səbəb olmaqdadır”.
Bu sözləri Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sözügedən məsələ ilə bağlı mediada yayımlanan informasiyaya münasibət bildirərkən qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda dizellə işləyən avtobusların fəaliyyəti qadağan edilir – Yanvarın 1-dən…
Qurum rəsmisinin sözlərinə görə bəzi nəqliyyat ekspertləri Nazirlər Kabinetnin 3 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə müntəzəm sərnişindaşımalara cəlb edilən avtobuslarla bağlı tələbi yanlış formada şərh edirlər və bu da çaşqınlıq yaradır:
“Çaşqınlığın aradan qaldırılması məqsədi ilə bildirmək istərdim ki, sözügedən tələblərin 2.1.14-cü yarımbəndinə əsasən avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir. Eyni zamanda həmin tələblərin 8.1-cü bəndinə əsasən qeyd olunan müddəa 1 yanvar 2022-ci il tarixindən qüvvəyə minir.
Hüququn ümumi prinsiplərinə əsasən hər hansı bir hüquqi akt qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil olunur. 2.1.14-cü yarımbəndində əksini tapan tələb də 1 yanvar tarixindən sonra qanunvericiliyə uyğun keçiriləcək müsabiqələr zamanı nəzərə alınacaq. Yəni hazırda marşrut şəbəkəsində istismarda olan dizel mühərrikli avtobuslar müntəzəm sərnişindaşımalarından kənarlaşdırılmayacaq”.
Mais Ağayev lavə edib ki, hazırda marşrut şəbəkəsində istismarda olan ictimai nəqliyyatın böyük qismi 2007/2012-ci illər arasında gətirilən avtobuslardır:
“Hansı ki, dizellə mühərriklidir. Yəni bu avtobusların anidən xətdən çıxarılması sərnişindaşımalarda fasiləsiziliyin pozulmasına səbəb ola bilər. Ona görə də ən azından ekspert bu fikri söyləyəndə belə bunun məsuliyyətini anlamalıdır”.
Alçina Amilqızı, Bizim.Media