Azərbaycan elmini “bir qarın çörəyə möhtac” edənlər – AMEA-da RƏZALƏT

Hazırda oxunan: Azərbaycan elmini “bir qarın çörəyə möhtac” edənlər – AMEA-da RƏZALƏT

52882

2021-ci ilin son günlərində AMEA növbəti qalmaqallı hadisə ilə yadda qalıb. 27 dekabra tarixində AMEA-nın Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən AMEA-da fəaliyyət göstərən 100-ə yaxın alimə müxtəlif çeşidlərdə ərzaq yardımı göstərilib.

Yardımın əsas məqsədi isə dəyərli alimləri Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmək olub. XXI əsrdə dünyanın kosmik eraya qədəm qoyduğu bir vaxtda AMEA-da elmə verilən dəyərin “bir qutu ərzaq” olmasından daha dəhşətlisi isə adı çəkilən qurumlar tərəfindən yardım kampaniyası ilə bağlı press-relizlərin və fotoşəkillərin tirajlanmasıdır. 

MÖVZU İLƏ BAĞLI:

AMEA-da şübhəli hadisə - İki günlük şirkət necə qalib oldu? - FOTO

AMEA-dakı “yardım kampaniyası”-nın təşkilatçılarının nəyi hədəflədikləri bəlli olmasa da, tirajlanan xəbərlər ictimaiyyətdə qurumun öz alimlərinə verdiyi mənfi dəyərin göstəricisə çevrilib. Sanki AMEA-da fəaliyyət göstərən alimlər aclıqdan əziyyət çəkənlərdir və bayram sovqatı da qurumun xoş münasibətinin bir nişanəsidir. Bu təkcə bizim yanaşmamız deyil, əskinə artıq iki gündür ki, AMEA oxşar fikirlərin və tənqidlərin hədəfindədir.

Yəni, Azərbaycan elmi o vəziyyətə gəlib ki, AMEA-nın bayram sovqatı kimi ərzaq yardımına möhtac olub?

İlk öncə onu qeyd edək ki, AMEA-da fəaliyyət göstərən alimlər ən azından nəzəri olsa da Azərbaycan elminin avanqardı hesab olunan şəxslərdir. Əgər bu şəxslərə hər hansı formada korporativ bayram sovqatı verilməsi nəzərdə tutulurdusa, AMEA rəhbərliyinin onları təltif və medallarla, yaxud xarici turlara göndərməklə mükafatlandırması daha məqsədəuyğun olardı. Yoxsa ərzaq yardımını “bayram sovqatı” adlandırmaq ən yaxşı halda Azərbaycan alimlərini hörmətdən salmaq deməkdir.

Alimlərə qarşı edilən bu hörmətsizliyin altında hansı səbəblərin yatdığı bu gün üçün bizə aydın deyil. Bu fəaliyyətlərin məqsədi Azərbaycan elmini və bu yolda illərini fəda etmiş şəxsləri nüfuzdan salmaq, onların “bir qarın çörəyə” möhtac olduğunu göstərməkdirsə, AMEA rəhbərliyi istəyinə nail oldu.

Son illərdə bir qurum kimi AMEA-nın adını hörmətdən saldıqları kimi, indi də Azərbaycan alimlərinə qarşı real münasibəti nümayiş etdirirlər. 
Əks halda, ərzaq yardımı ilə bağlı “bayram jestini” bəh-bəhlə media məkanında tirajlamağı mənalandırmaq mümkün deyil. Görəsən, AMEA rəhbərliyi Azərbaycan alimlərindən hədəf taxtası kimi istifadə etməklə nəyə nail olmağa çalışır? Bu cür davranışlarla ictimaiyyət qarşısında təmsil etdikləri qurumun nüfuzunu alçaltdıqlarını heç düşünmürlərmi?

Əminik ki, bir çoxlarımızda son dövrlərdə hər hansı elmi nailiyyətlə xatırlanmayan AMEA-nın nə işlə məşğul olduğu, niyə Azərbaycanda ciddi elmi kəşflərə imza atılmadığı ilə bağlı suallar vardı.

Son günlər baş verənlərin bu suallara sillə kimi cavab olduğu aydındır. Lakin cavabsız suallar hələ çoxdur.

Baş verənlər AMEA adlı aysberqin, bəlkə də, görünən tərəfidir. Görəsən, elmi nailiyyətlərin ərzaq payı ilə “mükafatlandırıldığı” bir qurumda çörək növbələrinin, “kartoçka” sisteminin yaşanmadığına kim zəmanət verə bilər?

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin