Tezalışan maddələrin, pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbir keçirilib.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində həyata keçirilən əməliyyat zamanı pirotexniki vasitələrin gizli satışını təşkil edən paytaxt sakinləri Rakif Mirzəyev, oğlu Aqil Mirzəyev və Sahib Salahlı saxlanılıblar.
Bu şəxslərin ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin anbar yeri kimi istifadə etdikləri saxlanc yerinə baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda pirotexniki vasitələr aşkar edilib.
MÖVZU İLƏ BAĞLI:
62 cinayətin üstü açıldı, 60 nəfər saxlanıldı
Qeyd edilib ki, Rakif Mirzəyev, oğlu Aqil paytaxt ərazisinə bu maddələrin paylanılmasını və satışını təşkil edən əsas şəxslərdən biri olublar.
Onlar ifadələrində partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı hər 3 şəxs barəsində araşdırmalar aparılır. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Bizim.Media