Dünya xristianlarının MİLAD BAYRAMI – Azərbaycana bu bayramdan hansı pay düşür?

Hazırda oxunan: Dünya xristianlarının MİLAD BAYRAMI – Azərbaycana bu bayramdan hansı pay düşür?

52293

Bu gün xristian dünyası yeni ümidlərin başlanğıcı, gələcəyə inamın simvolu olan Milad bayramını qeyd edir. 

Bizim.Media xəbər verir ki, latın dilində "doğum" mənasını verən "Natalis" sözündən meydana gələn Milad İsa Peyğəmbərin anadan olduğu günə verilən addır. 

Dünya xristianları hər il dekabr ayının 25-də bu günü təntənəli bayram kimi qeyd edirlər.

Milad bayramı əhalisinin əksəriyyətini xristianların təşkil etdiyi bir çox ölkədə qeyri-iş günü hesab edilir. Ancaq xristian əhalinin çoxluq təşkil etmədiyi Hindistan və Malayziya kimi ölkələr də bu günü rəsmi tətil kimi qeyd edirlər.

Milad bayramını qeyd edən xarici ölkələrdə bayram hazırlığı bir neçə ay əvvəldən başlayır və böyük şövq və təntənə ilə həyata keçirilir. Bu ərəfədə evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır. Milad ərəfəsi şam ağacı bəzəmək adətinin ilk dəfə XVI əsrdə Almaniyada meydana gəldiyi və Avropaya buradan yayıldığı güman edilir.

25 dekabr tarixi adətən bayramı qeyd edən insanların ailələri ilə birlikdə vaxt keçirməsi üçün ən gözəl fürsət hesab edilir.

Bir qayda olaraq ailə üzvləri günorta vaxtı birlikdə nahar süfrəsinə əyləşir. Ənənəvi Milad süfrəsini hind toyuğu (hinduşka) və tərəvəz bəzəyir. Bununla belə, bayram süfrəsinə düzülən təamlar ayrı-ayrı xalqların adət-ənənəsini də özündə əks etdirir. 

Belə ki, Siciliyada bayram masasına 12 növ balıq qoyulur. Birləşmiş Krallıq və onun adətlərindən təsirlənmiş ölkələrdə Milad süfrəsində hind toyuğu, qaz əti, ət suyu, kartof və tərəvəzlər olur. Süfrə üçün xüsusi desertlər də hazırlanır ki, bunlardan da başlıcası Milad pudinqi, şirin peçenyelər və meyvəli piroqlardır.

Polşada və digər Şərqi Avropa ölkələrində, həmçinin Skandinaviya ölkələrində balıq əsas milad yeməyi olsa da, zəngin ailələr bayram süfrəsinə ət yeməkləri qoyurlar.

Almaniya, Fransa və Avstriyada qaz və qaban əti sevimli Milad yeməyi sayılır. Miladda şəkər və şirniyyatların yeyilməsi bütün dünyada məşhurdur. Portağal isə şimal ölkələrində nadir tapılan meyvə olduğu üçün Milad süfrəsi ilə əlaqələndirilib və desertlər siyahısına əlavə edilmişdir.

Milad bayramını qeyd edən ölkələrin əksəriyyətində dükan və mağazaların çoxu həmin günü bağlı olur. Məsələn, İngiltərədə 25 dekabrda heç bir ictimai nəqliyyat vasitəsi işləmir. 

Milad bayramının ən əvəzedilməz atributlarından biri də təbii ki, Santa Klaus, yəni Şaxta Babadır. Şaxta Baba obrazının ilham mənbəyi kimi IV əsrdə yaşamış Müqəddəs Nikolas qəbul edilib. O, yoxsul insanlara gizli olaraq hədiyyələr verən və köməklik göstərən din adamı olub.

Qırmızı libaslı, ağappaq uzun saqqallı, yaşlı Şaxta Baba obrazı isə 1930-cu illərdə bir içki markasının reklamında istifadə edilib və həmin tarixdən bəri ənənəvi xarakter daşımağa başlayıb.

Milad bayramı ərəfəsində adətən uşaqlar Şaxta Babaya məktub yazır və arzu etdikləri hədiyyələrin siyahısını təqdim edirlər.

Müxtəlif ölkələrin şəhər və qəsəbə mərkəzlərində, alış-veriş obyektlərində quraşdırılan "Şaxta Baba Evləri"ndə Şaxta Baba və ya onun Elflərinin obrazına bürünmüş insanlar uşaqların arzularını dinləyir və yazdıqları məktubları Şaxta Babaya təhvil vermək üçün götürürlər. 

Bayram ərəfəsində əksər evlərdə stolun üzərinə Şaxta Baba və onun arabasını çəkən əfsanəvi marallar üçün şirniyatlar qoyulur. ABŞ-da adətən süd və peçenye qoyulması adət halını alıb. Uşaqların inancına görə, Milad gecəsi Şaxta Baba bütün evləri ziyarət edir və şam ağacının altına onların arzu etdikləri hədiyyələri qoyur.

Sonda qeyd edək ki, Azərbaycanda da bəzi xristian adətləri hələ də qorunmaqdadır. Bunun isə ilk izahı ondan ibarətdir ki, Azərbaycan çoxmillətli dövlətdir və əhali arasında xristianlar da az deyil. Bundan başqa:

⦁ Qədim Azərbaycan dövləti olan Albaniyada atəşpərəstlik sonra eramızın I əsri, 57-ci ildən ta ki, ərəb istilalarına qədər xristianlıq dövlət dini olub. Hazırda ermənilərin Qarabağda öz adlarına çıxartmaq istədiyi qədim kilsələr də bunun təsdiqidir. Alban xristian məbədləri arasında ən qədimlərindən biri də Şəkidə yerləşir – Kiş kilsəsi.

Biz də saytımız adından həm Azərbaycan, həm də dünyada yaşayan bütün xristianları Milad bayramı münasibətilə təbrik edirik.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin