Gənclərə əsl nümunə olan Prezidentimiz 60 yaşında…

Hazırda oxunan: Gənclərə əsl nümunə olan Prezidentimiz 60 yaşında…

52280

Öz dövləti və lideri ətrafında sıx birləşən müasir gənclər Azərbaycan Prezidentinin ən böyük dəstəkçisi və onun siyasətinin davamçılarıdırlar.

"Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər... Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantılarından birində  Prezident İlham Əliyevin söylədiyi bu fikirlər ölkədə aparılan gənclər siyasətinin mahiyyətini ifadə etməklə yanaşı, həm də bu strategiyanın real nəticəsini də əyani göstərir. 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyevin 60 yaşına - 60 FAKT

Dövlət başçısının səsləndirdiyi mülahizələr həqiqətən, gənclər adına çox qürurvericidir.

Bu gün iftixar və qürur hissi ilə demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, gözəl adət-ənənələrimizi qoruyub yaşadır. Bu gün Azərbaycan gəncliyinin səsi dünyanın bir çox ölkələrindən gəlir. Azərbaycan gəncləri yeni ixtiraları ilə dünyaya səs salır, olimpiadalarda, beynəlxalq yarışlarda qızıl medallara sahib çıxaraq bayrağımızı ən yüksək zirvələrdə dalğalandırır, işğal altında olan torpaqlarımızın geri qaytarılmasında böyük hünər göstərdi. Azərbaycan gəncinin Şuşada, Hadrutda dalğalandırdığı bayrağımız düşmənə göz dağı olur.

Ən çıxılmaz vəziyyətdə belə, gənclər ümidli olmalıdırlar

Prezident çıxışlarının birində gənc yaşlarındakı fəaliyyətini bugünkü Azərbaycan gəncliyinə nümunə göstərərək onlara çağırış edib. 23 yaşında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi çalışdığını söyləyən dövlət başçısı 1990-cı ildən sonra həyatında yaşanan ağır dövrdən də söz açıb.

Xatırladaq ki, 20 Yanvar faciəsindən sonra Sovet İttifaqı rəhbərliyini ağır ittiham edən ulu öndər Heydər Əliyevin dünyaya çağırışından sonra dahi şəxsiyyətə qarşı amansız təqiblər başlanmışdı. Təbii ki, bu məkrli olaylar gənc İlham Əliyevin də həyatına təsirsiz ötüşməyə bilməzdi.
Ancaq bu çirkin kampaniya İlham Əliyevi qarşısına qoyduğu məqsəddən çəkindirə bilmədi, ən çıxılmaz vəziyyətlərdə belə, yoluna davam etdi: 

"O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. Mən çox yaxşı başa düşürdüm ki, əgər sovet rəhbərliyi atamı düşmən kimi tanıyırsa, mənim üçün bu cəmiyyətdə yer tapmaq çox çətin olacaq. Ancaq tale belə gətirdi ki, vəziyyət dəyişdi və bu gün Azərbaycan müstəqil dövlətdir. Bu, bizim ən böyük xoşbəxtliyimizdir. Bir daha demək istəyirəm ki, insanlar ən ağır vəziyyətdə də həmişə ümidli olmalıdırlar”.

Öz həyatını nümunə göstərən dövlət başçısı vurğuladı ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə gənclər heç bir vaxt naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi öz əllərindədir.

Bu çıxışda tək gənclər yox, eyni zamanda, bütün xalqımız təəssüf ki, indiyədək bilmədiyimiz bəzi həqiqətlərdən də agah oldu. Və bu həqiqətlər Azərbaycan gəncliyi üçün ən mükəmməl nümunənin məhz İlham Əliyevin özünün, sözünün və fəaliyyətinin olduğunu təsdiq edir. 

Hazırda Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi öz sözünü deyir. Elmi-texniki tərəqqinin sürətli inkişafı dövründə elə bir sahə tapılmaz ki, orada gəncliyin izi görünməsin. Gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Dövlət başçısının söylədiyi kimi gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır.

Bu bir həqiqətdir ki, sağlam gəncliyin formalaşması üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir.
Gənclər siyasətinin hüquqi bazası əsasında bu sahədə əsas vəzifələr və istiqamətlər müəyyənləşdirilib.

Bu gün Azərbaycan gənclərinin himayədarı, onların ən yaxın dostu gənc ruhlu Cənab İlham Əliyevin 60 yaşı bitir. Fürsətdən istifadə edərək, özümün və rəhbəri olduğum Bakı Gənclər Mərkəzinin kollektivi adından  Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edir, dövlət başçısına uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıram!

Nərgiz Babayeva, 

Bakı Gənclər Mərkəzinin direktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin