Son vaxtlar hava nəqliyyatından istifadə etməklə ölkədən giriş-çıxş edən sərnişinlərin yoxlanması ilə bağlı narazılıqlar artıb. Sosial şəbəkələrdə çoxalan şikayətlərdə uçuşdan və təyyarədən eniş edəndən sonra da sərnişinlərin təkrar yoxlanışdan keçmələri etirazla qarşılanıb.
Xüsusilə, Türkiyənin milli valyutasının ucuzlaşmasından və qardaş ölkəyə səfər edənlərin sayının artmasından sonra bu məsələ daha da aktuallaşıb.
Redaksiyamıza şikayət edən sərnişinlərin bildirdiyinə görə istənilən ölkədə təyyarəyə minməmişdən əvvəl yoxlanışdan keçdikləri halda, öz ölkələrinə qayıtdıqdan sonra da yenidən gömrük orqanları tərəfindən yoxlanmaları məntiqsizdir.
Xatırladaq ki, bir neçə ay əvvəl ölkənin giriş-çıxış qaydaları sadələşdirilmişdi. Amma icradan çox verilən qərar kağız üzərində rol oynayır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli yoxlanış zamanı Azərbaycanın gömrük orqanlarının formal bəhanələr gətirdiklərini vurğulayıb:
“Azərbaycan tərəfi bunu hərfi qanuni mənada izah edə bilər. Məsələ sərnişin səfər etdiyi ölkədə normal yoxlanılmaya bilər. Onların gömrük qanunvericiliyi ilə bizim gömrük qanunvericiliyimiz eyni deyil. Yəni, Azərbaycan tərəfinin gömrük orqanları formal olaraq belə bəhanələr gətirə bilər. Söhbət ondan gedir ki, vətəndaşların rahatlığı üçün ölkələr arasında sərnişindaşımalarla bağlı müqavilələr imzalanır. Xüsusilə Türkiyə ilə bağlı kifayət qədər müavilələrimiz var. Ən son aprel ayında 15 iri müqavilə imzalandı. Bunlardan biri də sərnişin və yükdaşımanın asanlaşdırlması ilə bağlıdır. Bu müqavilələr işləsə, ən azından Türkiyədən gələnlərlə bağlı belə bir problem olmamalıdır”.
Ekspert xatırladıb ki, Gömrük Komitəsi ötən il xaricdən gətirilən mal və məhsulların sayı ilə bağlı müəyyən məhdudiyyətlərlə bağlı yeni qaydalar tətbiq etdi:
“İndi bu məhdudiyyətləri də bəhanə edərək, insanları incidirlər. Bilirsiz ki, hazırda Türkiyədə çox ucuzluqdur və insanlar daha çox məhsul almağa çalışırlar. Əgər Azərbaycandan 2-3 dəfə qiymətlərdə ucuzluq varsa, niyə də qardaş ölkədən bazarlıq etməyək ki? Gömrük Komitəsi yeni qaydaya əsasən vətəndaşları yoxlayaraq, guya Azərbayacanın daxili bazarını qorumağa çalışırlar.
Bununla da insanlara problem yaradırlar. Bir insan öz çemodanında nə qədər mal gətirə bilər ki? Tutaq ki, xoşuna gələn bir köynəkdən 5 ədəd alıbsa, onun Azərbaycan iqtisadiyyatına təsiri nədir? Bəlkə hədiyyə alıb? Qanunun hərfi mənasından daha çox, məntiqi anlamı işləməlidir.
Təssüf ki, bizdə hərfi mənaya daha çox önəm verirlər. Məsələn, mən 10 corab alıb gtirmişəm. Qanunun hərfi mənasında yalnız 3 corab gətirə bilərəm. Amma corab gündəlik tələbat məhsuludur. Tez-tez işlənir və cırılır, atılır. Bu baxımdan qanunun məntiqi anlamı tətbiq olunmalıdır”.
Alçina Amilqızı, Bizim.Media