Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, təbrik məktubunu partiyanın sədr müavini Elxan Şükürlü paylaşıb.
Məktubun mətnini təqdim edirik:
"Hörmətli cənab Prezident, Ali Baş Komandan!
Sizi 60 yaşınızın tamam olması münasibəti ilə rəhbərlik etdiyim Ədalət Partiyası adından səmimiyyətlə təbrik edir, Sizə uzun ömür, cansağlığı, Vətənimiz Azərbaycanın inkişafı və qüdrətli olması üçün atacağınız bütün addımlarda uğurlar arzulayıram.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın siyasi partiyalarından Fransa ilə bağlı Bəyanat
Əminəm ki, bu 60 illik ömrünüz və 18 ilik prezidentlik fəaliyyətiniz müddətində Sizin üçün ən gərgin, həm də ən fərəhli və qürurverici anlar bütün xalqımızın vahid ordu şəklində arxanızda birləşərək, düşmən üzərinə yürüdüyü və qələbəylə bitirdiyi 44 günlük Qarabağ savaşı zamanı olub.
Çünki bir Rəhbərin savaş qərarı təkcə özünün deyil, həm də xalqının taleyini, aqibətini müəyyənləşdirər və mən çox şadam ki, Siz də, arxanızda birləşdirib düşmən üzərinə aparmağı bacardığınız Azərbaycan xalqı da, bu 44 günlük Vətən Savaşından qalibiyyətlə - alnıaçıq, üzüağ, şərəflə çıxdı.
Vətənimizin azadlığı üçün döyüşə atılan gənc övladlarımızın öz canlarını necə qurban verdikləri, hər şəhid xəbəri bizi nə qədər kədərləndirib sarsıtsa da, onların cəsur qanıyla və misilsiz qəhrəmanlıqlarıyla azad edilmiş hər qarış Vətən torpağı bu kədərimizi sevinc və qürur göz yaşlarıyla, zalım düşmən üzərində möhtəşəm qələbə hissiylə əvəzlədi.
Hörmətli cənab Prezident, Ali Baş Komandan!
Bu savaş ölkəmizin bütün zəif və güclü tərəflərini bir daha aşkarlayıb ortaya çıxarmaqla, qarşıya yeni hədəflər qoymaqla yanaşı, bizə həm də o gerçəyi anlatdı ki, biz yalnız bir olanda, birgə olanda həllolunmaz sayılan bütün problemlərin, çətinliklərin öhdəsindən layiqincə gələ bilərik.
Tale belə gətirdi ki, Siz 60-cı yaşınızın az qala hər gününü düşmən işğalından azad edilmiş torpaqlarımızda keçirdiniz və düşmənin orada necə böyük dağıntılar törətdiyini, nə qədər ağır ziyan vurduğunu öz gözlərinizlə gördünüz.
Eyni zamanda, hərbi qələbəmizi əlimizdən almağa çalışanların və regionda qalıcı sülhə mane olmaq istəyənlərin təzyiqlərinin daha da artacağını, bunun isə ölkənin qarşısında hansı həlli vacib yeni iqtisadi və siyasi problemlər açdığının miqyasını da hamımızdan daha yaxşı təsəvvür edir, bilirsiniz.
Mən əminəm ki, Siz də, 44 günlük savaş dönəmində olduğu kimi, yalnız xalqımızın birliyi və bütövlüyü ilə qarşımızda duran bütün bu problemlərin öhdəsindən gələ biləcəyimiz, istənilən xarici təhdid və təzyiqə yalnız ölkənin içindəki milli birlik və həmrəyliklə mətanətlə müqavimət göstərib sonda qalib gələcəyimiz qənaətindəsiniz.
Elə bu birlik və bütövlük arzusuyla da, bir daha Sizi təbrik edir, ömrümüzün müddətini təyin edən hər şeyə qadir Allahdan Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm!".
Bizim.Media