Azərbaycanda internet sürətinin aşağı olması və bunun əksinə olaraq, tariflərin yüksək qalması vətəndaşlar tərəfindən tez-tez narazılıq predmetinə çevrilir.
Son dönəmlər isə, mobil intenetin sürətindəki azalma açıq şəkildə müşahidə olunmaqdadır.
Təsadüfi deyil ki, “Ookla” şirkətinin “Speedtest Global İndex”inin məlumatlarına əsasən Azərbaycanda mobil internetin sürəti oktyabr ayı ilə müqayisədə, noyabrda 4,5% azalaraq 8,27 Mbit/s olub.
Mobil internetin sürətindəki azalma ilə bağlı vətəndaşların fikirləri də beynəlxalq araşdırmanın nəticələri ilə uyğunluq təşkil edib.
MÖVZU İLƏ BAĞLI:
5G uğrunda qırğın başladı - Lisenziya nə vaxt VERİLƏCƏK?
Belə ki məsələ ilə bağlı keçirdiyimiz sorğuya münasibət bildirən 56 respondentdən yalnız 3-ü mobil internetin sürətindən razı olduğunu qeyd edib. Digər, respondentlər isə, sürətin aşağı olmasından, tariflərin yüksək qalmasından, eyni zamanda rayonlarda vəziyyətin daha bərbad durumundan şikayətləniblər.
Noyabr ayında mobil internetin sürətinin azalmasının səbəblərini öyrənmək üçün provayderlərlə əlaqə saxlamağa çalışdıq.
“Azercell” şirkətindən səbəbləri öyrənmək mümkün olmadı. Bakcell isə yalnız rəsmi sorğu şəklində müraciət edəcəyimiz təqdirdə sualımızın cavablandırıla biləcəyini qeyd edib. Daha əvvəlki, təcrübəmizə əsasən, şirkətə ünvanlanan sorğuya cavab almağın müşkül məsələ olduğunu bildiyimiz üçün, “Bakcell”dən də cavab ala bilməyəcəyimiz qənaətinə gəldik.
“Nar” operatorunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əziz Axundov isə Bizim.Media-ya verdiyi müsahibəsində internet verilişi ilə bağlı hər hansı problemlə rastlaşmadıqlarını qeyd edib:
“Şirkətimiz internet sürətinin hər zaman ən yüksək səviyyədə verilməsində maraqlıdır. Bunun üçün də, hər zaman zəruri tədbirləri davam etdirik. Hər hansı limit və ya problemlə isə rastlaşmamışıq”.
Əziz Axundov “Ookla”nın qiymətləndirməsi ilə bağlı da münasibətini bildirib:
“Sürətin qiymətləndirilməsinin bir neçə metodu var. “Ookla” özəl şirkətdir və onların qiymətləndirmə mexanizmi şirkətin qoyduğu meyarlardan asılı ola bilər. Mən “Ookla”nın metodologiyası ilə bağlı hər hansı şərh verə bilmərəm”.
Məsələni diqqətdə saxlayacağıq.
Murad Əhmədov, Bizim.Media