“Bəyaz TV” Youtube kanalının rəhbəri Rüstəmov Bəhram Alməmməd oğlunun ayrı-ayrı vətəndaşlara qarşı hədə-qorxu ilə tələb etmə və dələduzluq əməllərinə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz tədbirlərlə Bəhram Rüstəmovun özünü müxbir kimi təqdim edərək Samux rayonu ərazisində yerləşən təhsil müəssisələrində guya baş verən qanunsuzluqlarla bağlı yalan məlumatları internet resursunda yerləşdirib yayacağı hədəsi ilə həmin müəssisələrin rəhbərlərindən müxtəlif məbləğlərdə pul tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Bəhram Rüstəmovun Bakı şəhərində ayrı-ayrı şəxslərdən, o cümlədən Qarabağ müharibəsi iştirakçılarından onların qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata salınmalarına, eləcə də digər vətəndaşdan cinayət məsuliyyətinə cəlb edilmiş tanışının məsuliyyətdən azad olunmasına köməklik göstərilməsi adı ilə müxtəlif məbləğlərdə pul vəsaiti alıb onlara qarşı dələduzluq etməsinə, bu hərəkətləri ilə sonuncuları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, ilkin araşdırmalarla Bəhram Rüstəmovun cinayətkar fəaliyyətini həyata keçirmək məqsədi ilə rəhbəri olduğu “Bəyaz TV.Az” MMC-nin nəzdində özünün sədri olduğu Vətəndaş nəzarəti şurası adlı təsisat yaratdığı müəyyən olunmuş, həmin şuranın bölgə təşkilatlarının yaradılması və üzvlərin seçilməsinə dair protokol və qərar nümunələri aşkar olunaraq sübut qismində götürülüb.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanmaqla Bəhram Rüstəmova Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media