Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda 13 yaşlı qızın əmisi tərəfindən qaçırılması hadisəsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, Yevlaxdakı məsələ problemlərin, neqativ meyillərin hələ də qüvvədə olduğunu göstərir:
"Bunlarla bağlı cəmiyyət olaraq birgə fəaliyyət istiqamətlərini düşünməliyik. Əmi tərəfindən belə bir hərəkətin baş verməsi nə deməkdir? Bu ağlasığmayan bir haldır. Belə hal baş verirsə, insanın fərdi psixoloji durumuna bağlı bir məsələdir.
MÖVZU İLƏ BAĞLI:
13 yaşlı qızı qaçıran əmi HƏBS OLUNDU
Düşünürəm ki, Ailə Məcəlləsinə daxil olan qanunvericiliyə əsasən ailə qurmağın hüquqi parametrlərini muəəyn edən müddəaları ciddi şəkildə tətbiq etməliyik. Belə məsələlərə yalnız hüquqi müstəvidə qiymət verməliyik".
B.Muradova qeyd edib ki, bu hadisə Dövlət Komitəsinin diqqətindədir:
"Müdaxilə edilib. Hüquq mühafizə orqanları ilə birlikdə prosesə cəlb olunmuşuq. Əlbəttə ki, üzərimizə düşən vəzifələri yerinə yetiririk. Hüquqi dəyərləndirmədən sonra qızın gələcəyi, psixoloji vəziyyəti ilə bağlı qərarların qəbul olunmasında iştirak edəcəyik.
Dövlət Komitəsinin sədri Ağdamda X sinif şagirdi qızın qaçırılması ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, komitənin Ağdamda mərkəzi var: "Mərkəz həmin hadisə ilə məşğuldur. Qız ailəsinə qaytarılıb. Psixoloji vəziyyəti ilə bağlı tədbirlər görülür".
Bizim.Media