“Tərtər işi” ilə bağlı yeni yaradılan istintaq qrupu tərəfindən istintaq hərəkətlərinə başlanılıb.
Bizim.Media APA-ya istinadən xəbər verir ki, istintaq qrupu tərəfindən “Tərtər işi” üzrə zərərçəkmiş kimi tanınan şəxslər və işgəncələrə məruz qaldığı iddia edilən hərbi qulluqçular artıq Baş Prokurorluğa dəvət olunur.
MÖVZU İLƏ BAĞLI:
“Tərtər işi”ndən XƏBƏR VAR – Yeni dindirilməyə kimlər cəlb olunacaq?
Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi” ilə bağlı birgə məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar.
“Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, məhkəmələrin ittiham hökmləri ilə onlar müxtəlif cəzalara məhkum ediliblər.
Zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq sərəncamı ilə İşçi qrup yaradılmaqla qeyd olunan cinayət işləri Respublika Hərbi Prokurorluğundan tələb edilib ətraflı surətdə öyrənilib, hər bir qanunazidd əməlin baş vermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə 2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib”.
Bizim.Media