Xızıda 11 yaşlı məktəbli qıza qarşı əxlaqsız və seksual hərəkətlər etmiş 61 yaşlı Xıdır Almuradovun cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib.
Bu barədə Bizim.Media-ya zərərçəkənin valideynləri məlumat verib.
Xatırladaq ki, hadisə Xızı rayonunun kənd məktəblərinin birində ötən dərs ilinin aprel-iyun aylarında qeydə alınıb. Arvadının yerinə məktəbdə təsərrüfat müdiri işləyən Xıdır Almuradov məktəbli qızı təklikdə bir neçə dəfə otağına çağıraraq ona qarşı seksual xarakterli hərəkətlər edib. Ailə bundan təsadüfən xəbər tutub.
MÖVZU İLƏ BAĞLI
Məktəbli qıza əxlaqsızlıq edən 61 yaşlı MÜDİR – Həbsdən niyə buraxılıb?
Şərti adı Sevda olan, hazırda 6-cı sinifdə oxuyan uşağın valideynləri dərhal Təhsil və Daxili İşlər Nazirliklərinə müraciət edib. Hər iki qurum atanın şikayətinə dərhal reaksiya verib.
Təhsil Nazirliyi məktəbdə araşdırma aparıb və arvadının yerinə təsərrüfat müdiri işləyən kişi təhsil ocağından uzaqlaşdırılıb. Məktəb direktoru isə əmək intizamını və qanunu pozduğu üçün işdən azad edilib.
Daxili İşlər Nazirliyi şikayəti araşdırmaq üçün Xızı rayon polis şöbəsinə göndərib. Rayon prokurorunun qərarı ilə Xızı polis şöbəsində CM-nin 153.2 (14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə ) maddəsi ilə cinayət işi açılıb. Özündən 50 yaş kiçik, nəvəsi yaşda olan qıza nalayiq hərəkətlər etmiş Xıdır Almuradov isə şübhəli şəxs qismində saxlanılıb.
Amma iki gün sonra saxlanılan şəxsin Xızı rayon məhkəməsiniin qərarı ilə sərbəst buraxılması zərərçəkən ailənin ciddi etirazına səbəb olub. Öz növbəsində Xızı rayon prokurorluğu da qərarı düzgün hesab etməyərək Sumqayıt Apelyasiya Məhkəməsinə protest verib. İşə yenidən baxılan Sumqayıt Apelyasiya Məhkəməsində rayon məhkəməsinin qərarı ləğv edilərək Xıdır Almuradov barəsində həbs qəti imkan tədbiri seçilib və yenidən saxlanılıb. Artıq həmin iş tamamlanaraq məhkəməyə göndərilib.
Xızı rayon prokurorluğundan işin hazırda Xızı rayon məhkəməsinin icraatında olduğu bildirilib.
Aytəkin Alxaslı, Bizim.Media