Şimal bölgəsi rayonlarının mərkəzi bazarlarında qiymətlər son iki ayda xeyli bahalaşıb. Artım kənd yumurtasının qiymətində daha çox hiss edilir. Yay aylarında bazarlarda 15-20 qəpiyə satılan kənd yumurtası indi Qusar, Xaçmaz, Quba bazarlarında alıcılara 40-50 qəpiyə təklif edilir. Başqa sözlə ifadə etsək, yumurtanın qiymətindən od yağır. Alıcılar qiymətin bahalığından şikayət edirlər.
Kənd yumurtası niyə bu qədər bahadır? Bizim.Media-nın bununla bağlı suallarını Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Xələf Babayev cavablandırıb.
Onun sözlərinə görə, bahalaşma əsasən qış aylarında günün qısalığı, quşların saxlanıldığı damların işıqlı olmaması və yem rasionuna düzgün əməl edilməməsilə bağlıdır. Günlər uzandıqca toyuqların yumurtlamasında artım müşahidə olunacaq.
MÖVZU İLƏ BAĞLI:
Yumurta niyə bahalaşıb? – SƏBƏBLƏR
Mütəxəssis deyir ki,bəzi fermer və sakinlər quşçuluqla bağlı qaydalara düzgün əməl etmirlər: "Qəbələdə yem istehsalı fabriki var. Orada toyuq yemlərinə qarışdırmaq üçün xüsusi yemlər istehsal edilir. Həmin yem toyuq dəninə qarışdırılıb quşa verilməldir. Kəndlilər bu qarışdırma yemindən az istifadə edirlər".
Xələf Babayevin fikrincə, bazarlarda yumurtanın bahalığı məsələsində toyuq saxlayan kəndli uduzur:
“Bazar alverçiləri kəndlərdə yumurtanın ədədini 20-25-30 arası qəpiyə alıb bazarda 40 qəpiyə satır. Bəzən qiymət 50 qəpiyə də qalxır. Əslində, kəndlinin toyuq saxlamağa xərci çox çıxır. Bazarlarda 1 kq buğdanın - toyuq dəninin qiyməti 55, arpanın kiloqramı isə 45 qəpikdir. Kəndli dəni bu qiymətə almağa məcburdur. Burda qazanan alverçi, itirən isə quş saxlayan kəndlidir”.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi həftədə iki dəfə bazar qiymətləri barədə mərkəzi aparata məlumat verildiyini diqqətə çatdırıb.
Məlumat üçün bildirək ki, mağazalarda broyler yumurtalarının ədədi isə 19-20 qəpik arasındadır.
Aytəkin Alxaslı, Bizim.Media