Bakının toz-dumanlı söküntü sırasında növbəsi gəlmiş “Sovetski”nin, daha doğrusu, Bayırşəhərin iç dərdləri deyəsən hələ çox dilə gələcək. Səbəbi də odur ki, tələb, narazılıq və gileylər qulaqardına vurulur və vədlər dumanında gözəgörünməz olur.
Adıçəkilən başıbəlalı ərazi sakinlərindən biri, Ş.Əzizbəyov və Z.Adıgözəlov küçələrinin tinində yaşayan Oktay Adil oğlu Hüseynov Moderator.az-a üz tutaraq bildirib ki, o özü 5 nəsil arxa dönənin şəhərin bu qədim hissəsinin sakinləri olduğunu ağsaqqal və ağbirçəklərdən eşidib. Ulularının yaşamış olduğu qədim tarixə malik bu doğma məhəlləni tərk etmək acısı bir yandan, buradakı evlərə verilən insafsız, məntiqsiz təzminat rəqəmləri də bir yandan onların yuxularını ərşə çəkib:
“Hərdən məmurlar guya sərfəli variantlarla vəziyyətdən çıxa biləcəyimizi söyləyirlər. Məsələn, “Sevil” massivinə getdik, həm şəhərdən xeyli aralı, həm də trasdan 3 km uzaq, heç bir sənədi, kommunikasiyası yox ”“quruca torpaq... yaxşı ki, o işbazlar ifşa olundular. Yaşadığımız əraziyə yaxın, köhnə adı “2-ci Paralelni” olan küçədə hələ təmirə də başlamağa (nəinki yaşamağa) hazır olmayan binanın quruca divarını 1 kv.m. ”“1500 manata, “7-ci Paralelni”də isə 1 kv.m. ”“2000 manata təklif edirlər. Təsəvvür edin ki, belə evlərin təmirinə əlavə nə qədər vəsait lazımdır. Bundan başqa, bizə məsləhət görülərək satılan binalar arakəsmələr və balkon daxil ümumilikdə ölçülərək satılır, bizdən alınan mənzillər isə daxili sahə ilə, yəni balkon və divarların tutduğu sahələr nəzərə alınmadan alınır. Biz başa düşmürük, bazar iqtisadiyyatının hökm sürdüyü və Avropaya inteqrasiya yolu götürən, insan haqlarına, sosial siyasətə öncüllük tanıyan bir ölkədə bu qədər qeyri-müəyyən, cəfəng hesablarla Prezidenti nüfuzdan salmaq istəyənlər niyə cənab İlham Əliyevin qəzəbinə tuş gəlmir? Hörmətli ölkə başçısı nəzərə almalıdır ki, bu, ərazidə hələ söküntünün ilkin mərhələsidir. Ərazinin bütövlükdə azad olunması zərurətə çevrildikdə narazı kəsimlə, xüsusilə də 2015-ci il parlament seçkiləri dönəmində ciddi qarşıdurma ola bilər. Bu isə, həm hökumətin, həm də biz sakinlərin maraqlarına ziddir. Ona görə də durumu nəzərə alaraq, cənab prezidentdən təsirli tədbirlər görməsini xahiş edirik.”


































































































