Azərbaycanda 100 min əcnəbi PEYVƏND oluna bilmir – NİYƏ?

Hazırda oxunan: Azərbaycanda 100 min əcnəbi PEYVƏND oluna bilmir – NİYƏ?

50620

Azərbaycanda vaksinasiyaya yerli vətəndaşlar kimi ölkəmizdə yaşayan əcnəbilər də cəlb olunur. Tələb olunan qaydaya əsasən Azərbaycanda yalnız müvəqqəti və ya daimi yaşama icazəsi olan şəxslər vaksin vurdura bilərlər. Digər miqrantlar üçün isə belə bir qayda nəzərdə tutulmayıb.

Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynovun açıqlamasına görə hazırda ölkədə təqribən 120-130 min arası əcnəbi şəxs yaşayır. Təbii ki, onlar da Azərbaycanda yaşadıqlarından əhali ilə sıx təmasdadırlar.

Bəs onların vaksinasiyası necə aparılır?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin rəsmisi Elvin Hacıyev Bizim.Media-ya bildirib ki, ölkəmizdə rəsmi qeydiyyatda olan əcnəbilər Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"nda nəzərdə tutulan kateqoriyaya aid olduqları halda onların peyvənd olunmasında heç bir problem yoxdur:

“Azərbaycanda iş icazəsi əsasında, eləcə də müvəqqəti və daimi yaşama icazəsi olan əcnəbi vətəndaşlar onlara verilən FİN kodu təqdim etməklə ölkədə COVID-19 əleyhinə tətbiq olunan 4 vaksindən istədikləri istehsalçını seçərək peyvənd oluna bilərlər”.

“İndiyədək nə qədər əcnəbi peyvənd olunub” sualına gəlincə, Elvin Hacıyev bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamalı olduğunu deyib. 

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Bizim.Media-ya açıqlamasında əcnəbilərin vaksinasiya məsələsinin tək Azərbaycanda deyil, bütün dünyada aktual olduğunu bildirib:

“Məsələn Rusiyada 10 milyona yaxın miqrantın olduğu deyilir. 140 milyonluq əhali üçün 10 milyonun olması əlbəttə ki, böyük rəqəmdir. Azərbaycanda isə miqrantların sayı elə də yüksək deyil. Dövlət Miqrasiya Xidmətinin rəsmi açıqlamasına görə bu ilin 9 ayında təqribən 119 min əcnəbi olduğu yer üzrə qeydiyyata düşüb. Təxminən 35 minə yaxın əcnəbi isə müvəqqəti və daimi yaşayış icazəsi ilə bağlı statuslarının müddətini artırıblar. Beləliklə, 150 mindən artıq  şəxsin ölkədə yaşadığı qənaətinə gələ bilirik.

Bundan əlavə əvvəlki illərdə də daimi və ya müvəqqəti yaşamaq üçün icazə alan vətəndaşlar var ki, bu say kifayət qədər çoxdur”.

Azər Allahverənovun sözlərinə görə əcnəbilərin vaksinasiyasında beynəlxalq praktika əsas götürülür:

“Daimi yaşayan əcnəbilərin peyvənd olunması ümumiyyətlə müzakirə mövzusu deyil. Çünki onlar da Azərbaycan vətəndaşları ilə az qala bir statusdadır və bir çox hüquqlardan istifadə edə bilirlər. Olduğu yerdə qeydiyyata alınan 119 min əcnəbiyə isə FİN informasiyasını özündə daşıyan sənəd verilmir. Onlar ölkə ərazisində 90 gün müddətində qala bilirlər. Amma sərhədlərin bağlanması səbəbindən bu müddət uzanır.

Bu əcnəbilər dəfələrlə vaksinasiya olunmaları üçün bizə müraciət edirlər. Çalışırıq ki, onları təmsil etdikləri ölkə səfirlikləri ilə əlaqələndirək. Amma hər səfirlik də onlara bu şəraiti yarada bilmir”.

100 min əcnəbi peyvənd oluna bilmir?

Ekspert qeyd edib ki, 119 min əcnəbinin bir qismi sonradan hava yolları ilə öz ölkələrinə qayıtsalar da, təqribən 100 min nəfəri bu gün də ölkə ərazisində qalmaqdadır:

“Hansı ki, onlar vaksinasiya oluna bilmirlər. Məsələnin həlli ilə bağlı işçi qaydada müzakirə olunub və aidiyyəti qurumlara müraciət olunub. Müraciət müsbət qarşılanıb. Sadəcə olaraq bu, qərarda öz əksini tapmayıb. Nə qədər əcnəbinin peyvənd olunması ilə bağlı Dövlət Miqarasiya Xidmətində statistuka  yoxdur. Biz onu görməyə bilirik. TƏBİB-də isə bu say var”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin