Saray qəsəbəsində modul tipli xəstəxanada zəhərlənmənin təfərrüatları – ZƏRƏRÇƏKƏNLƏR DANIŞIR

Hazırda oxunan: Saray qəsəbəsində modul tipli xəstəxanada zəhərlənmənin təfərrüatları – ZƏRƏRÇƏKƏNLƏR DANIŞIR

5045

“Günorta yeməyimizi yeyib otağa gəldik. Bir qədər keçəndən sonra özümü çox pis hiss etdim. Eyni hal digər xəstələrdə də təkrarlandı. Məndən başqa 70-ə yaxın insan qidadan zəhərlənib. Bizi hər gün bir şirkət hazır qida ilə təmin edirdi. Hazır paketlənmiş yeməklər, xəstəxanaya gəlir və bizə paylanılır. Məndə olan məlumata görə, növbədə olan həkimlər də bu verilən yeməklə qidalanır. Görünür bizə vaxtı keçmiş qida veriblər. Əsas yeməyin yanında salat var idi, ondan zəhərləndiyimizi güman edirəm”.

Bu sözləri koronovirus infeksiyasına görə müalicə alan zərərçəkmiş Nərmin Alıyeva (anonim) bildirib. O, redaksiyamıza Abşeron rayonunun Saray qəsəbəsində olan modul tipli xəstəxanada 2-3 gün əvvəl baş verən zəhərlənmə faktını təsdiqləyib.

Sosial şəbəkələrdə də xəstələr və həkimlərin qidadan zəhərlənməsi ilə bağlı xəbərlər yayılıb.
Zərər çəkən əlavə edir ki, xəstələri müalicə edən həkimləri dərhal götürüb Atletlər kəndinə apardılar. Onlar da eyni qidadan zəhərlənmişdilər.

“Xəstəxanada növbə çəkən həkimlər Atletlər kəndində yerləşdiriliblər. Onlar arasında da kütləvi zəhərlənmələr olub. İş o yerə gəlib çatıb ki, başqa xəstəxanalardan zəhərlənənlərə müdaxilə etmək üçün həkim heyəti dəvət olunub”.

Qeyd edək ki, həmin tibb personalından olan bir izləyici sosial şəbəkə hesabında fakt haqqında məlumat yazıb. O, bu barədə “Facebook”da paylaşım edib. Onun sözlərinə görə, hazır qidalardan 100-150 nəfər zəhərlənib.



Araşdırmamız nəticəsində daha bir neçə fakt əldə etdik.

Adının gizlin saxlanılmasını xahiş edən tibb personalı bizə bildirdi ki, yeməklər “Fresh catering” şirkəti tərəfindən çatdırılır. Həkimin sözlərinə görə, dəfələrlə qidaların köhnə olması barədə rəhbərliyə xəbərdarlıq etməklərinə baxmayaraq, məsələ ört-basır edilib.

“Hər dəfə rəhbərliyə yeməklərin köhnə olması barədə deyirdik, ancaq bizim sözümüzü ciddiyə alan olmurdu. Yeməkləri hər dəfə götürəndə buz kimi, köhnə olurdu. Deyilənə görə, başqa yerdə yeyilməyən yeməkləri səhəri gün bizə göndərirdilər. Bu informasiyanın nə qədər həqiqətə uyğun olduğunu bilmirəm, amma hiss olunurdu ki, qidalar köhnədir”,- deyə o, bildirib.



Redaksiyamıza verilən məlumata görə, yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır.

Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb.

Bizim.Media xəstələrin son vəziyyətini öyrənmək üçün modul tipli xəstəxananın  baş həkimi ilə də əlaqə saxlayıb. O, isə xəstəxanada baş verənlərin məsuliyyətini hələ də dərk etməkdə çətinlik çəkərək bizi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yönləndirdi. Onun münasibətindən belə çıxdı ki, xəstəxananın qidalandırılmasında məsuliyyəti TƏBİB daşıyır və ketrinq şirkətini də TƏBİB özü seçir.

TƏBİB-dən isə redaksiyamıza bildirdilər ki, zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Zəhərlənən şəxslər xüsusi nəzarətə götürülüb və onlara müvafiq tibbi yardım göstərilib.

Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində xəstələrin vəziyyəti stabilləşib.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin