Qarabağda cihad ”“ təhlükə, ya zərurət?

Hazırda oxunan: Qarabağda cihad ”“ təhlükə, ya zərurət?

49881
Azərbaycan insanının vətəndən çox-çox uzaqlarda gedən qanlı savaşlarda iştirak etməsi, əlil olması, ölməsi doğrudan da sarsıdıcıdır.
Yüzlərlə insan bizim olmayan savaşda iştirak edir və canını fəda edir. Bütün bunlara “cihad” adı verilməsi də anlaşılan deyil. 
Bu gün Azərbaycanın torpaqları işğal olunub, insanlar zülmə məruz qalır, amma Suriyada və İraqda vuruşanlar elə öz vətənlərində cihad etmək barədə düşünmək belə istəmirlər.
Uzaq ölkələrə gedib siyasi intriqaların girovuna çevrilməkdənsə, doğma vətən uğrunda canını fəda etmək daha düzgün olmazdımı?
Suriya, İraq və digər ölkələrdə müharibələrdə iştirak edən soydaşlarımız hesab edirlər ki, onlar Allah uğrunda cihad edirlər. Nəzərə alsaq ki, Yaxın Şərqdə savaşan Azərbaycan vətəndaşlarının önəmli hissəsi sələfi, xəvaric və təkfirçi qruplardır, onda yuxarıdakı suala cavab tapmaq asan olar.  Belə ki, sələfilər sekulyar ölkə - vətən uğrunda savaşmağı cihad hesab etmirlər, “vətəni sevmək imandandır” hədisini də yalan hesab edirlər. Bunun nə məqsədlə edildiyi və arxasında hansı qüvvələrin dayandığını anlamaq elə də çətin deyil. Ən acınacaqlısı isə odur ki, təkfirçilərin əhəmiyyətli hissəsi Azərbaycanı vətən saymırlar. 
Odur ki, uzaq ölkələrdə ölməyi vətən torpaqlarının azad olunmasından üstün tuturlar. Sələfi, xəvaric kimi təkfirçi cərəyanlar üçün vətən anlayışı Suriya, İraq, Səudiyyə Ərəbistanına şamil oluna bilər, lakin sekulyar Azərbaycana aid edilə bilməz.
Onlar belə hesab edirlər ki, Azərbaycan müsəlman ölkəsi deyil, vətən deyil, vətəni sevmək kimi bir çağırış da səslənməyib, odur ki, bu ölkədən hicrət edib, islam ölkələrində cihad etmək və şəhid olmaq lazımdır.
Düzdür, onların bu qanunsuz birləşmələrin tərkibində savaşmasının cihadla nə qədər bağlılığı ola bilər sualına da cavab vermək elə də çətin deyil.

Ümumiyyətlə, cihad elan edilməsinə hazırda islam alimlərinin özlərinin də münasibəti birmənalı deyil.
Hər özünü “islam alimi” elan edən şəxs cihad elan edə bilməz. Odur ki, bu gün uzaq bir ölkədə oturan, kimliyi bəlli olmayan bir “alimin” çağırışına yüzlərlə Azərbaycan gəncinin qoşulmasının nə dini hökmlərə, nə də cihada heç bir bağlılığı yoxdur.

“Cihad anlayışı”na islam məzhəblərinin fərqli baxışları mövcuddur. Odur ki, bu məsələnin müzakirəsinin özü də gərginlik yarada bilər. Məsələ kimin haqlı, kimin haqsız olduğunda da deyil. Lakin dini siyasi alverə çevirmək istəməyən istənilən ilahiyyatçı təsdiqləyə bilər ki, bu gün Suriyadan, İraqdan səslənən cihad çağırışının heç bir dini əsası yoxdur. Azərbaycanlıları bu ölkələrə çağırıb, ölümə göndərmək də dinə söykənmir.  

Bu gün cihad elan etdiyini  açıqlayan İŞİD, əl-Nusra, ASO, Taliban,  əl-Qaidə və digər təkfirçi terror təşkilatlarının da dinə bağlılıqları ola bilməz. Cihad terror deyil, “Allahu Əkbər” qışqırıb baş kəsmək deyil, körpə uşaqları diri-diri basdırmaq, çarmıxa çəkmək, sürücünü maşından düşürüb, namazın rükətinin sayını düzgün bilmədiyinə görə güllələmək demək deyil.

Cihad insanları zülmdən qurtarmaqdır. Bu gün Azərbaycan torpaqları qeyri-müsəlmanların işğalındadır. 20 ildən yuxarıdır ki, ölkə əhalisi zülmə məruz qalır. Qarabağda yaşayan minlərlə müsəlman zorla torpaqlarından çıxarılıb. Milyonlarla sadə Azərbaycan vətəndaşı zülmün bütün formalarının əzablarına dözməyib, ölkədən qaçıb. Sələfi və digər təkfirçilər isə öz vətənlərini qorumağı ağıllarından belə keçirtmirlər. Qarabağdakı müsəlman qadınlarının qeyri-müsəlman işğalçıların girovunda qalması onları az maraqlandırır. Onlar uzaq ölkələrdə isə “cihad” adı altında terror, partlayışlar törədərək, dünyada müsəlmanları vəhşi kimi qələmə verməyi özlərinə rəva bilirlər, vətəni qorumağı isə şənlərinə sığışdırmırlar. Suriyada, İraqda olan  müqəddəs ziyarətgahları yox edib, yerində park salmağın islamla nə əlaqəsi ola bilər ki? Bunu edən İŞİD-çıların özlərini müsəlman adlandırmağa haqları çatırmı?

Əslində, İŞİD Qərbin “Hizbullah”a qarşı yaratdığı bir qurumdur. Bu savaşların isə Azərbaycana heç bir dəxli yoxdur.
Bu gün başqa bir sual düşündürücüdür.
Suriyada, İraqda  döyüşən təkfirçilər geri qayıtdıqdan sonra Azərbaycan üçün hansı təhlükələr yarada bilərlər? Öncələr də vurğulamışdıq ki, onların Azərbaycandakı ziyarətgahlarda terror  həyata keçirtmək şansları heç də az deyil. Terrorçuların hərbi birləşmələrində təlim keçib, təcrübə qazanan bu zombilər istənilən vaxt Azərbaycana qayıdıb, burada İŞİD yaratmağa cəhd göstərə bilərlər. Bu isə vətəndaş savaşı anlamına gələ bilər. Bu xalq dini hisslərinin təhqir edilməsinə heç bir zaman seyrçi qala bilməz.

Ümumiyyətlə, Azərbaycan insanı inanclıdır. Sadəcə olaraq ruhani xadimlər xalqın dini maraqlarının təmin olunmasında önəmli rol oynaya bilmirlər və bunu istəmirlər. Çünki Azərbaycanın tanınmış ruhani xadimlərinin önəmli hissəsi xarici qüvvələrin, eyni zamanda hakimiyyətin nəzarətindədir. Onlar nə cihad barədə düşünə bilərlər, nə də ki normal dini mühitin yaradılması barədə. Onlara bu situasiya sərf edir. Elə İŞİD-ın mövcudluğu da onların maraqlarına cavab verir. Başkəsən İŞİD-ın yanında mötədil görünmək və bunu alverə çevirməyi kim istəməz ki?

Musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin