86 gün sonra nəşi tapılan şəhidin SON SÖZÜ: “Polad Həşimovdan artığam?” - VİDEO

Hazırda oxunan: 86 gün sonra nəşi tapılan şəhidin SON SÖZÜ: “Polad Həşimovdan artığam?” - VİDEO

49839

“Sentyabr balamın son ayı və tarixi oldu. İndi Niyət uca zirvədədir. Amma o zirvənin itkisi elə ağırdır ki, sözlə ifadə etmək olmur. Arzusu qızını gəlin köçürmək idi. Döyüşə gedəndə balalarını gətirib mənə təhvil verdi. Elə qızının 2 yaşı tamam olan gün öz canını ona hədiyyə etdi”. 

Bu sözləri Bizim.Media-ya 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanımız , “N” saylı hərbi hissənin qərargah rəisi, şəhid kapitan Niyət İmran oğlu Şirəliyevin anası Gültəkin Şirəliyeva qeyd edib.

Oğlunun anım günü yaxınlaşdıqca, dərdi təzələnir Gültəkin ananın... 

“İlahi müharibəyə gedəndə o qədər sevinirdi ki, elə bil döyüşə yox, toya gedirdi.  Atası, qardaşları ilə də telefonda danışanda sevincini gizlətmirdi. Son gedişində arxaya dönüb bir neçə dəfə bizə baxdı. Atası “özündən muğayat ol” deyəndə, “məgər komandirim Polad Həşimovdan artığam?”, - deyə cavab verdi.  Sentyabrın 28-də şəhid xəbərini eşitdik. Döyüş yoldaşlarının dediyinə görə Kəlbəcərdə düşmənin iki postunu azad edəndə özünü irəli atdı. Digər hərbçiləri isə arxasınca getməyə qoymayıb. Üçüncüyə hücum edəndə isə şəhid olub. Amma nəşi 86 gündən sonra gətirildi və ötən il dekabrın 21-də torpağa tapşırıldı. Neytral zonada olduğu üçün götürmək mümkün olmurdu”.

86 gün yol gözləyən ana...

Ananın sözlərinə görə oğlunun şəhid xəbərini eşidəndə, inanmayıb 86 gün onun sağ qayıdacağına ümid edib:

“O günləri mən ümidlə yaşadım. Elə bilirdim oğlum yaralanıb və haradasa müalicə olunur, sağalıb qayıdacaq. Niyət aprel, iyun döyüşlərində də iştirak etmişdi. Onun şəhid olacağına inanmırdım, çünki kifayət qədər təcrübəli idi.  4 oğlum, 1 qızım var.  Üç oğlum müharibədə olub. Şəhid olan isə böyük oğlumdur. İlk dəfə kəndimizdən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə mənim oğlum qəbul olmuşdu. 14 il hərbçi kimi işlədi. Elə həvəslə də şəhidliyinə imza atdı”.

Vətən sevgisi... 

Niyət İmran oğlu Şirəliyev 1990-il fevral ayının 9-da Şamaxı rayon Ovculu kəndində anadan olub. Məktəb illərində çox sakit, tərbiyəli, nümunəvi, vətənpərvər  şagird kimi həm sinif yoldaşlarının həm də müəllimlərin hörmətini qazanıb. 2007-ci ildə orta məktəbi bitirəndən sonra onda olan vətən sevgisi Niyətin həyatını hərbi akademiyaya qədər aparıb. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2011-ci ildə hərbi akademiyanı bitirən Niyət leytenant rütbəsi alıb və zabit olaraq Müdafiə Nazirliyinin Təlim- tədris mərkəzində öz ixtisası üzrə biliklərini artırıb. 2012 -ci ildən etibarən müdafiə nazirliyinin Fizuli rayonunda yerləşən N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmətə başlayıb. 24 iyun 2014-cü ildə ona baş leytenant hərbi rütbəsi verilib.

2018-ci il iyun ayının 25-i isə müdafiə nazirliyinin müvafiq əmri ilə növbəti Kapitan hərbi rütbəsini alıb. 

Polad Həşimov şəhid olanda Kapitan Şirəliyev çox üzülüb. 2020-ci ilin sentyabr ayının 27-si Kəlbəcər uğrunda gedən döyüşlərdə Murovdagda olan yüksəkliklərin işğaldan azad edilməsi əməliyyatlarında şəhid olub. Niyət Şirəliyev ölümündən sonra ölkə başçısı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına" görə medalları, eləcə də "Rəşadət" ordeni ilə təltif edilib.

Şəhidimiz Şamaxı rayonu Şəhidlər Xiyabanında dəfn olunub.  

Qeyd edək ki, dekabrın 21-də şəhidimizin anım günü keçiriləcək. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin