14 oktyabr 2021-ci il tarixindən start verilən “Övladım Üçün - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində həyata keçirilən festivalların sonuncusu dekabrın 4-də Şirvan şəhərində keçirilib və bununla da layihənin icrası yekunlaşıb.
Bizim.Media xəbər verir ki, gün ərzində davam edən Şirvan festivalında musiqili proqram, dj-şou, yarışlar, kloun və sehrbaz şousu, müsabiqələr, rəqs nümayişləri, pazl qurmaq, qalstuk bağlamaq kimi yarışlar keçirilib, müsabiqə və yarışlarda iştirak edən ata və övladlarına təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda gənc atalar və övladları üçün keçirilən festivaldan FOTOLAR
Festivalların təşkilində əsas məqsəd ataları öz övladlarına sevgi və məsuliyyətlə yanaşmağa, onların problemləri ilə maraqlanmağa, müxtəlif fəaliyyətləri təşkil etməklə ata və övladları arasında emosional və mənəvi əlaqələri gücləndirməyə, həmçinin birlikdə səmərəli vaxt keçirmələri və əylənmələri üçün əlverişli mühitin yaradılması olub.
Layihə çərçivəsində ilkin mərhələdə Bakı, Gəncə və Şirvan şəhərlərində “Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” mövzusunda təlimlər təşkil olunub və ataların övladlarına qarşı necə davranmalı, onlarla necə zaman keçirmələri kimi mövzularda müzakirələr aparılıb, daha sonra isə qeyd edilən şəhərlərdə festivalların keçirilməsinə start verilib.
Layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilib.
Bizim.Media