Azərbaycanın Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA) əlaqələndirməsi ilə 6 dekabr 2021-ci il tarixində Azərbaycanın ianə etdiyi 100 min doza Sinovac peyvəndi Burkina Fasoya çatdırılıb.
Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Afrika dövlətlərinin COVID-19 ilə mübarizəsinə Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstək göstərilməsi məqsədilə cari ilin sentyabr ayında irəli sürülən təşəbbüs təşkilatın sədri qismində Azərbaycan tərəfindən tam dəstəklənib və ölkə Prezidenti İlham Əliyevin müvafiq göstərişi ilə yardım məqsədilə 100 min doza peyvənd təşkilatın İstanbulda keçirilən Sammitindən bir neçə gün öncə İstanbula çatdırılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Afrika ölkələrinə peyvənd bağışladı - FOTO
”Təşəbbüsə dəstək olaraq, Azərbaycanla yanaşı Türkiyə 200 min, Özbəkistan 100 min və Macarıstan 211 min 200 doza peyvənd ianə edib. Macarıstan tərəfindən Toqoya ianə edilən peyvəndlər də daxil olmaqla, ümumilikdə 611 min 200 doza peyvənd Türkiyə tərəfinin lojistik dəstəyi ilə dünən qeyd olunan Afrika dövlətlərinə təhvil verilib.
Qlobal səviyyədə COVID-19 ilə mübarizədə Azərbaycanın fəal rolu və ehtiyacı olan ölkələrə dəstəyinin nümunəsi olan bu töhfə, xalqımızın yardımsevərlik ənənələri əsasında cənab Prezident İlham Əliyev tərəfindən atılan növbəti humanist addımdır”, - XİN-dən qeyd olunub.
Bizim.Media