Azər Qərib: “Şəhid övladlarını bayramdan məhrum etməməliyik”

Hazırda oxunan: Azər Qərib: “Şəhid övladlarını bayramdan məhrum etməməliyik”

4952

Tanınmış səyyah-jurnalist Azər Qərib öz facebook səhifəsində koronavirus kollapsı və onun cəmiyyətimizdə yaratdığı fikir ayrılıqları ilə bağlı status paylaşıb.

Azər Qərib həmin statusunda qarşıdan gələn bayramlarla bağlı sosial şəbəkələrdə yayılmış giley-güzar və urapatriotizm meyillərinə öz fikirləri ilə qarşılıq verib.

Bizim.Media jurnalistin bu fikirlərini təqdim edir.

“Bu şənbə-bazar dükanların işləməsinə icazə verilməsi ilə bağlı postda bəzi neqativ kommentləri görüb o postumu sildim, amma fikrimi bildirəcəm. Mən də layk naminə yaza bilərəm ki, cəhənnəm olsun Yeni İl, gorbagor olsun Həmrəylik Günü, hamımız YAŞAT fonduna pul köçürək və matəmə bürünüb oturaq evdə.

Hərənin öz fikri ola bilər, amma mən bu yanaşmanı heç bir halda qəbul edə bilmərəm. 
Şəhidlərimiz qanlarını ona görə axıtmadılar ki, onların uşaqları, yaxınları bayramlarısız qalsınlar.

Hər bir uşaqın, yalnız atalı-analı deyil, Yeni İldə Şaxta Babadan hədiyə almaq haqqı var, hər birimizin bu il Qələbə ahu-havası ilə həqiqətən də Həmrəylik Gününü qeyd etməyə ixtiyarımız var.

Şaxta Babadır, nə bilim Santa Klausdu, bəyənsək də, bəyənməsək də, uşaqlar üçün onlar məhz uşağlıq rəmzləridir, uşağlıq xatirələridir.

Şəhid balası digər uşaqları hədiyəli, yolkalı görəndə sıxılmamalıdır, boynunu büküb qırağda durmamalıdır, onun da bayram payına haqqı var. Buna görə şəhidlərimiz, qazilərimiz qan töküblər!

Bayramı qeyd etmək şəhidlərin xatirəsinə hörmətsizlik anlamına gəlmir! Dünən bütün xalq bayram hissləri ilə çıxmamışdımı küçələrə? (Zəfər Paradı-red.)

Odur ki, bir daha deyim, belə yanaşmanı qəbul etmirəm və əksinə, tam əminliklə deyə bilərəm ki, bu savaşda qan tökənlər bunu məhz ona görə etdilər ki, həm onların balaları, həm bütövlükdə xalq alnı açıq, qürur hissi ilə bayramları qeyd edə bilsin.

O ki qaldı YAŞAT Fonduna, oraya hər bir kəs istənilən an pul köçürə bilər, bunun üçün xüsusi gün gözləmək lazım deyil. Və bir daha - əgər biz şəhidlərimizin ruhuna hörmət etmək istəyiriksə, onların övladlarını bayramlardan məhrum etməməliyik.

Allah şəhidlərimizə rəhmət eləsin, yaralı olanlara şəfa versin, Allah Azərbaycanımızı qorusun!”




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin