Azərbaycanın görkəmli ziyalısı, Dövlət Müstəqillik Aktının müəlliflərindən olan Firudin Cəlilovun səhhətinin pisləşməsi cəmiyyətimizin incə qəlbli insanları tərəfindən böyük həssaslıqla qarşılandı. Bu xəbər, özəlliklə "Bozqurd" batalyonunun komandiri Nurəddin Xocanın yazısı Moderator.az-da dərc olunduqdan sonra böyük alimimizin imdadına tələsən insanlardan biri məşhur müğənnimiz Zahid Quliyevdir. İncə ruhlu xanəndə dünən saytımızın əməkdaşına məktub yazaraq bunları bildirib:
“Salam Heydər bəy, Firudin bəyin xəstələnməsini eşitdim, cox üzüldüm, mən onun facebook ünvanına Almaniyada müalicə almasına köməklik etmək istəyimlə bağlı fikrimi yazdım. Ola bilər ki, səhhətiylə əlaqədar olaraq Firudin müəllim bu məktubu oxumasın. Səndən xahiş edirəm, ya özün bu barədə ona məlumat ver, ya da onun telefon nömrəsini mənə yaz, onunla danışım. Hələlik.”
Saytımızın əldə etdiyi məlumata görə, Firudin Cəlilovun səhhətiylə bağlı xəbər dərc edildikdən sonra bəzi iri dövlət məmurları da eyni təşəbbüslə çıxış edib. Bu xeyirxah təşəbbüsdə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun adı çəkilir.
Heydər Oğuz



































































































