Gizir Şahin Hüseynovun müəmmalı ölümü – “Atası dedi getmə…”

Hazırda oxunan: Gizir Şahin Hüseynovun müəmmalı ölümü – “Atası dedi getmə…”

49040

“Dünən günorta saat 1-də məzuniyyəti bitəcəyi halda Şahin işinə məsuliyyətli yanaşdığı və Kəlbəcər dağlarında qarı nəzərə alaraq bir gün əvvəldən hərbi hissəyə yollanıb. Hətta atası ona deyib getmə, bir gün də bizimlə qal, Şahin israrla deyib ki, birdən hərbi hissəyə gecikərəm.

O, dekabrın 2-də günorta saatlarında evdən çıxıb və axşam saatlarında hərbi hissəyə çatıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında dünən Kəlbəcərdə həlak olan gizir Şahin Hüseynovun dayısı oğlu Cavanşir Abbaslı deyib. O, bildirib ki, Şahinin ölümü ciddi şəkildə araşdırılmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün həlak olan hərbçimizin FOTOSU


“Həlak olduğu gecə son dəfə Whatsap statusunda 00:00-da görünüb, sonra ondan xəbər olmayıb. Bizə Hərbi Prokurorluğundan bildirdilər ki, hadisə təxminən gecə 2-3 radələrində baş verib. Səhər saat 7-də onun meyiti qayalıqların dibində tapılıb.

Daha sonra onun nəşi tibbi ekspertiza edildi, mən özüm şəxsən orada iştirak etdim. Biz meyitə baxış keçirdiyimiz zaman gördük ki, başının arxası boğaz hissəsinə qədər qaralmışdı və bir də belində böyrəyinin üzərində qançıl izləri var idi.

Qeyd edim ki, Şahinin yıxıldıği yerdə qar olmayıb. Bu da onun oradan sürüşüb yıxılmağı ehtimalını sıfıra bərabər edir. Müdafiə Nazirliyi və Hərbi Prokurorluğ bu işin geniş araşdırılacağını bizə söz verib.

Bir də mənə bir məsələ maraqlıdır, əgər Şahin hərbi hissədə qaldığı otaqdan gecə çıxıb və geri qayıtmırsa, üç nəfər otaq yoldaşları bundan necə xəbər tutmayıb? Şahin bəlkə də vaxtında aşkar edilsə idi, onun həyatını xilas etmək mümkün olardı.

Onlar da Hərbi prokurorluq tərəfindən ciddi dindiriləcəklər. Ən azından onlar hərbi hissə rəhbərliyinə məlumat verməli idilər ki, bu insandan 5 saatdır xəbər yoxdur. Məsələ mütləq ciddi şəkildə araşdırılmalıdır”.

Cavanşir Abbaslı qeyd edir ki, Şahin 44 günlük Vətən savaşı zamanı Daşkəsəndən Kəlbəcər istiqamətindən döyüşlərə qatılıb, öz qəhrəmanlığı ilə ad çıxarıb. O, Kəlbəcərin azad olunmasına görə, medallarla təltif edilib. 
 

“Şahin 15 il Azərbaycan ordusunda xidmət edib, dəfələrlə xarici ölkələrdə hərbi təlimlər keçib. Bir il idi ki, Kəlbəcərdə qulluq edirdi, oranın hər daşına bələd idi. O, Vətən müharibəsi zamanı erməni snayperinə tuş gəlib, yaralanmışdı”.


C.Abbaslı həmçinin qeyd edib ki, Şahin bu gün Gədəbəy rayonunun Saratovka məzarlığında dəfn olunacaq. 

“O, özü Gədəbəy rayonunun Qızılqaya kəndindən idi. Ancaq Gəncədə yaşayırdı. Şahin çox çətinliklə böyümüşdü. O, kiçik yaşlarından dağlardan göbələk, meşədən odun yığıb satıb ailəsinə kömək edirdi. Əsgərlikdən qayıtdıqdan sonra bir müddət kərpic zavodunda çalışdı, daha sonra isə hərbiyə qayıtdı”.

Cavanşir Abbaslı Şahinlə sonuncu söhbətini belə xatırlayıb.

“Sonuncu dəfə 2 gün bundan əvvəl telefonla danışdıq. Mən hətta ona məzuniyyətə gəlib, bizə xəbər etmədiyi üçün şikayətləndim də. Dedi bu dəfə işlərim çox oldu, gələn dəfə mütləq görüşərik. Ancaq çox heyf ki, bizə bir daha görüşmək qismət olmadı. Faciədən 30 dəqiqə əvvəl də o dostu ilə telefonla danışıb. Daha sonra isə ondan bir daha xəbər çıxmayıb”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin