Korrupsiyanı yalnız inzibati üsullarla önləmək mümkündürmü?

Hazırda oxunan: Korrupsiyanı yalnız inzibati üsullarla önləmək mümkündürmü?

49038

Son vaxtlar korrupsiyaya qarşı mübarizə fonunda məsuliyyətə cəlb edilən şəxslərin sayının kəskin surətdə artması, bu sahədəki başlıca uğur kimi qiymətləndirilsə də, baş verənlərin problemdən xilas yolu olmadığını düşünənlər də az deyil. Bu qəbildən olan hüquqşünaslar hesab edir ki, korrupsiyanın cəmiyyətin bütün təbəqə və sahələrinə sirayət etdiyi bri zamanda hətta minlərlə korrupsionerin həbsi belə, korrupsiya probleminin həllinə imkan yaratmayacaq. Hüquqşünaslar hesab edir ki, korruspiyaya qarşı effektiv mübarizə üçün köklü tədbirlər həyata keçirilməlidir. Bunun üçün sərt inzibati tədbirlərdən daha çox önləyici tədbirlərin həyata keçirilməsi daha zəruridir.

Moderator.az-a açıqlama verən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev də hesab edir ki, korrupsiyaya qarşı mübarizədə önləyici addımların atılması zəruridir. Ekspertin qənaətincə, son illər ərzində hökumətin həyata keçirdiyi bəzi addımlar, xüsusilə də ASAN xidmətin yaradılması, elektron xidmətlərin  genişləndirilməsi bürokratik əngəlləri aradan qaldırmaqla yanaşı, həm də korruspiya hallarının aradan  qaldırılmasına xidmət edir:

“Təbii ki, korrupsiyaya qarşı mübarizə kompleks şəkildə həyata keçirilməlidir. Bu baxımdan önləyici tədbirlərin əhəmiyyəti böyükdür. ASAN xidmətinin yaradılması və onun səlahiyyətlərinin genişləndirilməsinin özü də əslində korrupsiyaya qarşı mübarizə məqsədi ilə həyata keçirilən önləyici addımlardan biri hesab edilməlidir. Elektron xidmətin çeşidlərinin artırılması da bu yöndə həyata keçirilən tədbirlərdən biridir. Bildiyiniz kimi, Azərbaycanda elektron xidmətlərin dairəsi günü-gündən genişlənir ki, bu da korrupsiya imkanlarını məhdudlaşdırır. Bunlar problemin inzibati üsullarla deyil, önləyici üsullarla aradan qaldırılmasına xidmət edən tədbirlərdir. Ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirilir ki, bu da təqdirolunandır”.

Ə.Nuriyevin qənaətincə, korrupsiyaya qarşı mübarizə məqsədi ilə önləyici addımlarla yanaşı, sərt inzibati üsullardan da istifadə etmək lazımdır. Ekspertin fikrincə, xüsusilə korrupsiya cinayəti baş verən zaman sərt cəza mexanizminin işə düşməsi qaçınılmazdır:

“Inzibati amillər, hüquqi təqib vasitələri o zaman baş verir ki, artıq korrupsiya hüquq pozma halı baş verib. Əgər biz sadəcə önləyici hallarla kifayətlənsəydik, o zaman korrupsionerlərin cəzalandırılması halı baş verməzdi. Ədalətin cəmiyyətdə hüquqi baxımdan tanınması, təmin edilməsi vasitələrindən biri də korrupsiyaya, cinayətə yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlıdır. Baş Prokuror yannda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məhz bu yöndə öz fəaliyətini genişləndirməkdədir”.

Hüquqşünasın bildirdiyinə görə, son vaxtlar korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində iri məmurların da məsuliyyətə cəlb edilməsi müşahidə edilir ki, bu da korrupsiyaya qarşı mübarizənin ciddiliyindən xəbər verir:

“Son illər korrupsiya cinayətinə görə, məsuliyyətə cəlb edilən şəxlsərin sayı artmaqdadır. Müşahidə edilən digər bir hal isə vəzifəli şəxslərin daha geniş dairəsinin məsuliyyətə cəlb edilməsi ilə bağlıdır. Biz görürük ki, yalnız aşağı məmurların deyil, orta və yuxarı qəbildən olan məmurların da məsuliyyətə cəlb edilməsi halı baş verir”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin