İnsan yaşadığı ömür boyunca saysız-hesabsız səfərlər edir. İnsan ömrünün yollarla bütünləşməsi onun yaradılışından irəli gəlir. Səfərlər insan taleyinin həm də qısa xülasəsidir.
Ona görə də ömür boyunca çıxdığımız irili-xırdalı səfərlər bizim üçün mütləqdir ki, bir məna kəsb edir.
Eynən mənim xatirəmdə əbədi yaşayacaq Şuşa səfərimiz kimi...
Vətəni qanıyla, canıyla alan Şəhidlərimizin övladları ilə çıxdığım Şuşa səfərini tam olduğu kimi sizlərə çatdıra bilməyəcəyəm.
Hər şeydən öncə Şuşa mənim ürəyimin 28 illik yarası idi. Bu tək mənim üçün deyil, Azərbaycanımızın od ürəkli bütün balaları üçün belədir. Təzəcə qaysaq tutub sağalmağa üz qoyan bu yara düz 28 il idi ki, özünün əsl mənasını bizim ürəyimizdə, ruhumuzda hiss etdirirdi.
Bəli! İşğal olunmuş torpaqlar bizim yaramız idi – “Vətən” adlı yaramız. Şuşa isə bu yaranın göynəyən yeriydi. Necə ki, şüşə parçalanar və insanın ciyərinə dolar, nəfəs belə ala bilməzsən, çünki o şüşənin qırıqları qanadar bütün hüceyrələrini...
Bax Şuşa da eləcə göynədirdi, qanadırdı ruhumuzu, qəlbimizi...
Qoy, elə səfərə hazırlıq gecəsindən başlayım... Mən yaşadığım ömür boyunca ilk dəfə idi ki, bu hissləri keçirirdim. Çıxacağım səfər, gedib əlimi, üzümü torpağına, daşına sürtəcəyim, ətrini doyunca ciyərimə çəkəcəyim Şuşa səfəri məni elə həyəcanlandırmışdı ki! Yuxum gəlmirdi...
Gecə sanki göylər də bu səfərin həyacanına boğulmuşdu və göylər də bizim kimi ağlayırdı. Ancaq Şuşaya çatanda Şuşa illərin qəmindən sıyrılıb bizi doğma Günəşlə qarşıladı.
Qeyd edim ki, bu səfər Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production” şirkətinin təşkilatçılığı ilə baş tutmuşdu və “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” silsilə layihələr çərçivəsində təşkil olunmuşdu.
Şuşa səfərini mənim üçün bu qədər doğma və əvəzedilməz edən bir şey daha vardı. Mən bu səfərə tək getmirdim.
Qanı ilə Şuşanı alan Şəhidlərin Vətənə əmanət balaları və bu igidləri dünyaya gətirən şəhid anaları da bizimlə bu səfərə gedirdi. Bizim bir gözümüzdə sevinc, bir gözümüzdə kədər yaşları vardı. Sevinirdik ki, illərdir həsrətində olduğumuz müqəddəs Vətən torpaqları nəhayət işğaldan azad olmuşdu və biz düz 28 il sonra atalarımızın uyuduğu o yurda gedəcəkdik. Kədərimiz isə bu torpağa can qoyub bizə azadlıq qazandıran minlərlə igidin indi bizim aramızda ola bilməməsinin verdiyi dərin hüzn hissiydi... İnsan sən demə iki hissin birləşdiyi və əl-ələ verib dostlaşdığı hislərin burulğanına düşə bilərmiş.
Yolboyu keçdiyimiz mənzərələr, ötdüyümüz dağlar, bizdən geridə qalan yaşayış məskənləri (düşmən tərəfindən xarabaya çevrilmiş mənim nazlı yurdum) sanki sirli bir nağılın parçaları idi.
Uzun illər mənfur divlərin həbsində qalmış ana torpaq üçün Şəhidlərimizin qanı Simurq quşu olmuşdu... azad olmuş Vətən torpağı azadlığa və gün işığına qovuşmuşdu. Bu nağılın qəhrəmanlarının bizə əmanət balaları, xanımları da yol boyunca bizlərə yoldaşlıq edir və əsl Vətən fədailərinin, ölməz igidlərin nəfəsini daşıyırdılar özləri ilə.
Şuşa yerləşdiyi ərazi baxımından yüksək olduğu üçün bizim yolumuz da yoxuşlu idi.
Yüksəklərdə dayanan Şuşa başını qürurla dik tutaraq, yamyaşıl ağacları ilə sanki bizə “Gəlin” deyirdi, “Gəlin, mən artıq azadam, mənim hər ovuc torpağımda məni azad edən balalarımın qanı var, ayağınızı torpağıma məğrur basın, mənim üçün canını verən Şəhidlərimin ruhu dolaşır buralarda...”.
Şəhid mayor Ramid Hacıyevin oğlu yolboyu “Xudayar” təsnifini ifa edərək hüznlü səsi ilə şəhidlərimizə lay-lay deyirdi sanki. Dağların zirvəsində bərq vuran Şuşamıza qovuşurduq... 28 illik dağ kimi həsrətin ağrısını çiyinlərimizdən atıb, ürəyimizin nəfəs almasına icazə verirdik.
Həm də Şəhid balaları atalarının yazdığı zəfərə şahidlik edirdilər. Atasının heç üzünü görməyən Şəhid İbrahim Hüseynlinin oğul balası, atasının yadigarı Əlituran kimi...
Bu körpə fidanlar – gələcək əsgərlər, əsgər bacıları atalarının mirasına, onlara verdiyi azadlıq hədiyyəsinə baxırdılar doyunca. İlahi! Bizim sevincimiz Şuşa, qırılan qanadlarımız isə Şəhid balalarımız idi.
Şuşaya çatınca ziyarət etdiyimiz bütün yerlər, Şuşa məscidi, Cıdır düzü, Şuşa qalası, Xan qızı Natəvanın sarayı, Azərbaycan incəsənətinin nadir səsi Bülbülün heykəli, dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun dağıdılmış evi və daha neçə-neçə gözəl yerlər, Vətənin hər qarış torpağı sanki dilə gəlirdi. Külək belə Şəhid balalarının ipək saçlarından, nəmli gözlərindən öpüb öz təşəkkürünü bildirirdi.
Belə müqəddəs səfərdən sonra bizə əllərimizi açıb şükranlıqla ancaq Allaha dua etmək qalırdı:
“Canımız Şuşa! Sən 28 illik əsarətdən sonra nəfəs almağa başladın. Ümid edirik ki, bundan sonra xalqımızın taleyinə belə qara səhifələr, işğal günləri yazılmayacaq. Bu xalq ancaq zəfərini xatırlayacaq və onunla öyünərək Dünya tarixinə qızıl hərflərlə Azərbaycanımızın adını həkk edəcək! Sənə min şükür, Tanrım”.
Leyla Fətiyeva, 82 nömrəli Tam Orta Məktəbin direktoru
- A-
- A
- A+
Cəmiyyət
13:50 / 03.12.2021
Şəhid balaları ilə Şuşa gəzintisi – Bir müəllimin MANİFESTİ
Hazırda oxunan: Şəhid balaları ilə Şuşa gəzintisi – Bir müəllimin MANİFESTİ
Hazırda oxunan: Şəhid balaları ilə Şuşa gəzintisi – Bir müəllimin MANİFESTİ
48899
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.