Qəfil ölən hüquq müdafiəçisinə kim hücum edirdi? – “Ermənilərlə əməkdaşlıqda ittiham olunurdu” – MÜSAHİBƏ

Hazırda oxunan: Qəfil ölən hüquq müdafiəçisinə kim hücum edirdi? – “Ermənilərlə əməkdaşlıqda ittiham olunurdu” – MÜSAHİBƏ

48865

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənovun qəfil ölümünü ictimaiyyət hələ də həzm edə bilmir.

Hüquq müdafiəçisinin həyatı və fəaliyyəti ilə bağlı xatirələrini Bizim.Media-ya bölüşən həmkarı, Vətəndaş Tədqiqat Birliyinin sədri Günel Səfərova da dövlətə böyük xidməti və töhfəsi olmuş bir şəxsin itkisi ilə barışmır.

- Əvəz Həsənovu nə vaxtdan və necə biri kimi tanıyırdız? 

- Əvəz Həsənov aktiv fəaliyyətdə olanda mən könüllü idim. Müəyyən layihələr çərçivəsində işlədik. Sonradan hərənin öz təşkilatı və layihələri oldu. Mən beynəlxalq layihələrdə çalışırdım. O isə inkişaf etdi. Həyat elə gətirdi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində də qarşılaşdıq. Bizim üçün Əvəzin itkisi hələ də şokdur. Onun xətrini çox istəyirdik. Demokratik, yenilik və dəyişikliklə bağlı fikirlərimiz də üst-üstə düşürdü. Heç kəsi itirməyə hazır deyildik. Amma Əvəzi ümumiyyətlə ağlımıza gətirmirdik. Çox ağır oldu. Yeni bir strukturun və siyasətin vətəndaş cəmiyyətində qurulmasında iştirak edirdik, gələcək planları qururduq, birdən-birə adam yoxdu. Əvəzin yumor hissi, hadisələrə fərqli baxışı, həmişə barışdırıcı mövqedə olması onun insanlığını ortaya qoyurdu. Sanki doğmamızı, qohumumuzu itirmişik.

Həqiqətən yoxluğu çox incidir. Çox cavan getdi və üç övladı qaldı. Həmçinin gözəl də ata idi, uşaqları ilə fəxr edirdi. Təssüf edirəm ki, onu çox tez itirdik.  

- Fəaliyyətində dövlətə ən gözəl töhfəsi nə oldu?

- Əvəz müəllim çox vətənpərvər, ağıllı, ən konkliktli situasiyaları idarə edən bir mütəxəssis idi. Tək-tük insanlardan idi ki, Ermənistan və Azərbaycan arasında icmalararası dialoq qururdu. Əvvəl onun Kəlbəcərdən olduğunu bilmirdik. Sülhə inanmağı gözümüzdə onu fərqli yerə qoyurdu. Xüsusilə sülh və barış məsələlərindəki fəaliyyəti öz töhfəsi ilə seçilir. Qarabağ işğal altında olanda Əvəz Həsənov ora səfər etmişdi. Yazığa qarşı həmin dövrdə linç kampaniyası başlamışdı. Proseslərdən başı çıxmayan və məzmunsuz insanlar var idi ki, onu şəbəkəyə üzv olmaqda, ermənilərlə əməkdaşlıqda ittiham edirdilər. Halbuki o dövrün ictimai və siyasi proqnozlarını verirdi. Bir sözlə dövlət üçün heç bir töhfəsi olmayan insanlar onu hədəfə çevirmişdi. O qədər yükün altına girmək, onları yaşamaq çox güman ki, səhhətinə təsir edirdi. Təsəvvür edin ki, o torpağın suyunu içən bir adam sülh yaratmaq prosesində iştirak edir və buna görə də hücumlara məruz qalır. Azərbaycanda erməni icmasının siyasi və ictimai fikrini Əvəz Həsənov kimi bilən az insan var idi. Onları çox doğru təhlil edir və proqnozlarını verirdi. Müharibə dövrü göstərdi ki, icimai-siyasi prosesləri bu qədər dəqiq və gözəl bilən insanlara nə qədər ehtiyacımız var.

44 günlük müharibə dövründə də onun fəaliyyəti göz önündə olub. Sözün düzü bundan sonra dövlətin və ictimaiyyətin Əvəzə daha çox ehtiyacı var idi. Çünki o, qarşı tərəfin emossiayalarını və düşüncələrini, nə cür davranacağını gözəl bilirdi. 

- Son görüşünüz nə vaxt oldu və hansı arzusunu dilə gətirirdi? 

- Əvəzin evinə yaxın yaşayırıq. Ayda 2-3 dəfə yığışıb, vətəndaş cəmiyyətinin hazırki durumunu müzakirə edirdik. Çətinliklərlə bağlı detallardan danışırdıq. İstənilən gərgin müzakirəyə Əvəz ustalıqla və özünəməxsus yumor gətirirdi. Ondan kimsə nə inciyərdi, nə də pis olardı. Bir qədər vaxtdan sonra fərqinə varacayıq ki, necə dəyərli insanı itirmişik. 

- Səhhətindən necə şikayətlənirdimi?  

- Heç vaxt sağlamlığından gileyləndiyini eşitməmişdik. Sadəcə təzyiqinin yüksək olduğunu bilirdik. Dünyasını dəyişməsindən 2 gün əvvəl “təzyiqim 200-ə qədər qalxır” deyirdi. Amma heç vaxt narahatlığını kiməsə yükləmədi və problemini bölüşmədi. İnsan bir damcı olsun belə başqasına neqativlik ötürmürdü. Hər zaman üzü gülürdü. Açığı, adi bir insan deyildi və onu çox axtaracağıq.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin