Kürün suyunun necə azaldığı bəlli oldu: Yevlaxda köklü işlərə BAŞLANDI - FOTO

Hazırda oxunan: Kürün suyunun necə azaldığı bəlli oldu: Yevlaxda köklü işlərə BAŞLANDI - FOTO

48838

“Yevlaxın coğrafi relyef özəllikləri bol sulu ərazidə yerləşməsinə rəğmən suvarma prosesində bir sıra çətinliklər yaradır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Yevlax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Ariz Mikayılov söyləyib.

Onun fikrincə, 40,199 min hektar əkin sahəsinə malik Yevlax rayonu Mingəçevir Su Anbarı, Kür çayı, Əlican çayı, Yuxarı Şirvan və Qarabağ kanalları, eləcə də digər su hövzələri ilə əhatə olunmasına rəğmən, xüsusilə də yay mövsümündə suvarma prosesində bəzi çətinliklər yaranır.

Relyefin dağlı-düzənli olması suyun başlanğıc nöqtəsinə çatdırılmasında itkilərin yaranmasına səbəb olur. Məsələn, mənbəyini Yuxarı Şirvan kanalından alan 17 kilometr məsafədə rayonun Havarlı, Hacıselli və Marzılı kəndlərinə uzanan köməkçi kanalın beton deyil torpaq qatlı olması yol boyu sızma və su itkisinə yol açır.

Ariz Mikayılovun sözlərinə görə, yay mövsümü ərzində Mingəçevir Su Anbarında suyun səviyyəsinin enməsi mənbəyini anbardan alan Yuxarı Şirvan kanalının ümumi fəaliyyətinə də təsirsiz ötüşmür. Belə hallarda qənaətlə suvarma kanalına yönləndirilən suyun müəyyən hissəsi 17 kilometrlik məsafədə itib batır. Üstəlik, kanal boyu hər hansı lil axını kanalları mövcud olmadığı üçün sellə müşayət olunan yağıntılı havalarda Bozdağ silsiləsindən eniş aşağı yayılan gilli çınqıllı torpaq axını əsas suvarma kanalının normal iş rejiminə əngəl yaradır.

Ariz Mikayılov çıxış yolu təklif edib: “Hesab edirik ki, kanal yaxın perspektivdə tamamən betanlaşdırılmalı və ətrafında lil axıntı arxları qazılmalıdır. Əslində belə bir niyyətimiz var və aidiyyatı qurumlar qarşısında zaman zaman oxşar təkliflərlə çıxış edirik”.

Yuxarı Şirvan kanalının imkanları vasitəsi ilə təmin olunan Yuxarı Qarxun kəndi və ona bitişik ərazilərin su probleminin həlli üçün alternativ olan layihə bu il ərzində artıq gerçəkləşib. Belə ki, Kür çayından Yuxarı Qarxun kəndi istiqamətinə 2 kilometr məsafədə kanal çəkilib. 

Ariz Mikayılov rayonun sudan əziyyət çəkən daha bir kəndində də bir aqreqatlı su nasos stansiyası inşa ediləcəyini deyib:

“Kövər kəndi Qarabağ kanalının sağ sahilində yerləşsə də əkin sahələrini bir addımlıqda olan iri kanaldan normal su ilə təmin etmək texniki cəhətdən problem yaradır. Məsələ qaldırıldı və layihə smeta sənədləri təsdiq olundu. Çox güman ki, layihənin maliyyə təminatı təyin edildikdən sonra Qarabağ kanalının Kövər kəndinə bitişik hissəsində 2022- ci il ərzində bir aqreqatlı su nasos stansiyası inşa edilərək istifadəyə veriləcək. Bu isə illərdən bəri suvarma suyu problemindən əziyyət çəkən kənd sakinlərinin haqlı narazılığına birdəfəlik son qoymuş olacaq”. 

Ehtiram Muradov, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin