Zəfər bayrağına bürünən şəhər - REPORTAJ

Hazırda oxunan: Zəfər bayrağına bürünən şəhər - REPORTAJ

4882

İki igidimizin xatirə şəklini bağrına bərk-bərk basıb gedən qürurlu Azərbaycan qadını!  Qətiyətli və gözünü qırpmadan əynində əsgər paltarı ilə yürüyən Nargül İbrahimli zəfər paradının əsil sahiblərindəndir. Bağrına basdığı qəhrəmanlar, şəhid həyat yoldaşı Adil İbrahimli, digəri isə qardaşı şəhid Elton Qənbərlinin şəkilləridir.

Hey istədim ki, cəsarətimi toplayım başınız sağolsun, vətən sağolsun şəhidlərimizin ruhu indi rahatdır deyim. Amma düşündüm ki, mənim təsəllim onun acısının, qürurunun və dik dayanışının yanında o qədər cılız görsənərdi ki... Ona görə səsimi çıxarmadım. Elə hey gözləri bir nöqtəyə baxıb parada doğru irəliləyən xanımı süzə-süzə qaldım.



Yəqin ki, Nargül xanımı hamınız tanıdınız. O, məğrurca şəhidinin tabutunu çiyninə qaldırıb dəfn məkanına aparan qeyrət mücəssiməmizdir. 

Elə insanların zəfər sevincinə şahidlik edə-edə gözümüzə bağıra sıxılmış növbəti xatirə şəkli dəyir.

“Kobra” ləqəbli Xeyurlla Mais oğlu İbrahimovun fotosudur. Əmisi Sadiq Zeynalov deyir ki, nə olsun ki, mən onun şəklini götürüb gəlmişəm. İndi onun ruhu bizdən də qabaqda gedir. Çox qəhrəman oğul idi. Rahat yat şəhidim.



-Döyüş başlayandan Tərtər istiqamətindən Murova qədər olan döyüşlərdə hərbiçi kimi iştirak edib. Artileriya komandiri olub. Döyüşə də könüllü getmişdi. Könüllü gedəndən bir həftə sonra  birqada komandiri olub. Qaradaşımın balasına da onun kimi yüzlərlə qəhrəman oğullarımıza da inanırdım. İnanırdım ki, bizə Qələbə ərmağan edəcəklər.

Zəfər paradına yürüşüm davam edir. Gözləri sevincdən kövrələn qazimiz Aydın Alxasovla həmsöhbət olmaq üçün ayaq saxlayırıq:

-  Ağdam, Füzuli istiqamətində döyüşmüşəm. Acılı günlərimiz də şirin günlərmiz də oldu. Zəfər sevincini bölüş deyirsiz, qızım, o qədər böyük hisdir ki, bölüşə bilmirəm. Kəlmələrə sığdıra bilmirəm. Amma kaş əsgərlərim yanımda olaydı. 

Ehtiyatda olan mayor Niyaməddin Orucov isə deyir ki, gələcək üçün nəsə etmək ancaq döyüşmək idi.



- Şükürlər olsun ki, əziyyəti, zülümü gələcəyə övladlarımıza buraxmadıq. Bizim hər bir vətəndaşımız bu günü qeyd etməyə layiqdir. Bəli, itki verdik, itkisiz torpaq olmur. Hərbiçi o şəxslərdir ki, onlar döyüş yolunu keçiblər. Biz də ən müasir taktika ilə döyüşdük. Nəticəsi də göz önündədir.

Xanışov Əbil Əflatun oğlu isə yaralansa da ağrılı-acılı günlərin bitdiyinə sevinir. Xalqımız belə gözəl günə layiqdir, Qələbə gözəl hisdir, deyir: 



- Füzuli Cəbrayıl-Zəngilan Şuşa döyüşlərində oldum. Şuşada xüsusi təyinatlıların tərkibində döyüşdüm. Mən könüllü olaraq döyüşlərə qoşulmuşdum. Şuşa döyüşü çətin idi. Şükür Allaha Hikmət Mirzəyev zərgər dəqiqliyi ilə hərbi əməliyyatları keçirdi. Bundan sonra bir istəyim odur ki, ölkəmiz, xalqımız, şəhid və qazi ailələri firavan yaşasınlar.  



Zəfər Paradının çiçəyi, Şəhidlərimizin al qanının məntiqi nəticəsi, ay parçası kimi bir fidan uyuyub qazi atasının qucağında. Hərdən gözlərini açıb, rahatlıq və əminliklə öz dilində ən gözəl nəğməsini oxuyurdu, qığıldayırdı, ətrafındakıların üzünə gülüş yağdırıb beləcə zəfər sevincini yaşayırdı.

Paradda olarkən onu hiss etdim ki, zəfər sevinci, göz yaşları, Qarabağ arzuları, yeni dirçələn ümidlər, balacaların Qarabağ xoşbəxtliyi bir sözlə, insanın könlündə yaşana biləcək bütün hislər indi baş götürüb ZƏFƏR sahibləri ilə birlikdə inamla gələcəyə doğru yürüyürdü.

ZƏFƏRİMİZ MÜBARƏK!

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin