Qara rəng bir qayda olaraq, bədbəxtlik, kədər, matəm və ölümü simvolizə edir. Məsələn, qədim Meksikada insanın qurban verilməsi ayini zamanı kahinlərin üzləri və əlləri qara rəngə boyanardı.
Qara gözlər isə təhlükəli, pis niyyətli hesab edilirdi. Ölümün gəlişini təcəssüm etdirən bütün personajlar qara rənglə təsvir edilir.
Bu mövzuya toxunmağımız təsadüfi deyil. Əlbəttə ki, qeyd edəcəyimiz məsələ bir qədər mistika ilə əlaqələndirilsə də, fakt və reallıq öz yerində qalır. Ötən gün tarixə qara hərflərlə yazılan helikopter qəzası kimi...
MÖVZU İLƏ BAĞLI:
Helikopter niyə qəza TÖRƏTDİ? – “Heç kimin ağlına gəlməyən versiya...”
Tarixi keçmişi vərəqləsək, bədbəxt faciələrin məhz “qara” ifadəsi ilə başlayan ərazilərdə və məkanlarda baş verdiyini görmək mümkündür.
1918-ci ildə şiddətli döyüşlərin getdiyi, xeyli sayda Osmanlı və Cümhuriyyət əsgəri “Qaraməryəm”də şəhid olub.
1991-ci ildə dövlət xadimlərinin, ziyalıların yer aldığı helikopterin vurulduğu kənd “Qarakənd”dir.
1992-ci ildə 118 nəfərin əsir götürüldüyü, onlardan 68 nəfərinin öldürüldüyü, 146 uşağın yetim qaldığı qətliam “Qaradağlı” (Xocavənd) kəndində baş verib.
2020-ci ildə general-mayor Polad Həşimov və 11 hərbçinin şəhid olduğu yer “Qaraqaya” (Tovuz) yüksəkliyi olub.
2021-ci il noyabrın 30-da təlimə yollanan yüksək rütbəli hərbçilərimizin helikopter qəzası “Qaraheybət" aviasiya poliqonunda yaşanıb.
Ən nəhayət bəxti qara yazılan “Qarabağ”... Bir əsirdən çoxdur ki, erməni quldurlarının ərazi iddiaları nəticəsində zaman-zaman öz qara günlərini yaşayıb...
Əslində burada mövhumata varmaq fikrində deyilik, sadəcə faktları sadalamaqla bu sözdəki təsir gücünü diqqətə çatdırmağa çalışdıq.
Amma qədim türklərdə QARA sözü böyük mənasını özündə ehtiva edir. Maraqlıdır ki, qədim türklərin bayramlarından biri də Qara Tun adlanır. Bu da dekabrın 21-dən 22-ə keçən gecədir, yəni ən uzun gecəni, qaranlığı özündə cəmləşdirir.
Alçina Amilqızı, Bizim.Media