Müsavat Partiyasının Ağcabədi rayon təşkilatının gənc üzvü Bəxtiyar Türksoy qəribə bir hadisə ilə üzləşərək, iki gün inzibati həbs cəzası alıb. Buna səbəb Ağcabədi-Zərdab yolunda qəza törədən sürücünün həyatını xilas edərək, onu xəstəxanaya aparması olub. Həkimin zəngindən sonra xəstəxanaya gələn polis əməkdaşları onu həbs ediblər.
Musavat.com-a açıqlamasında müsavatçı gənc fəal başına gələnlər barədə bunları deyib: “İyunun 5-də Ağcabədi-Zərdab yolu ilə öz şəxsi maşınımla evə gedirdim. Yolun alt hissəsində ”VAZ-2107" markalı maşının arxası üstə aşdığını gördüm. Yardım etmək üçün maşına yaxınlaşdım. İçərisinə baxdığım zaman heç kəsi görmədim. Birdən qulağıma səs gəldi. Bir vətəndaş məni çağırırdı. 10 metr aralıda yaralı vəziyyətdə ölümlə çarpışan insan gördüm. O mənə “balam var, məni ölməyə qoyma” deyərək, yalvardı. Başından qan axırdı. Onu təcili öz maşınıma qoyub, Ağcabədi rayon Mərkəzi Xəstəxanasına apardım".
Gənc fəal xəstəxanada insanlara göstərilən münasibətdən və həbsindən danışdı: “Xəstəxanada həkimlər xəstəyə laqeyd yanaşdılar. Ona ağrıkəsici vurmaq belə istəmədilər.
Etirazımdan sonra həkim resept yazaraq, onu almağımı tələb etdi. Mən əvvəlcə ondan təcili ağrıkəsici vurmağını xahiş etdim. O, xəstəxanada dərman olmadığını bildirdi. Məni dəhşət bürüdü. Necə ola bilərdi ki, dövlət xəstəxanasında dərman olmasın? Həkimə xəstənin ailə başçısı və övladlarının olduğunu dedim. Fikirləşdim ki, bəlkə insanlıq naminə rəhmə gələr. Amma o, əvəzində 102-yə zəng vurub, guya onu təhqir etdiyimi, onun işinə mane olduğumu dedi. 10 dəqiqə keçməmiş polislər xəstəxanaya gələrək, mənə qarşı zor tətbiq edərək, məni Ağcabədi Rayon Polis Bölməsinə apardılar. Bölmədə qarşıma həkimlərin və tibb işçilərinin yazdığı ərizəni qoydular. Ərizədə adı çəkilənlərin əksəriyyətini tanımırdım.
Bölmədə 3 saat qaldıqdan sonra buna etiraz etdim. Onların məni 3 saatdan artıq saxlamaqlarına ixtiyarlarının olmadığını bildirdim. Polis haqlı olduğumu görüb, polis rəisindən 24 saatlıq protokol alaraq, ona qol çəkməyimi tələb etdi. Mən bundan imtina etdikdə, açıq şəkildə müstəntiq mənə sual verdi ki, qaranlıq otağımızı görmüsən? ”Əgər qol çəkməsən səni həmin otağa salıb, döydürəcəm" dedi. Mən sona qədər qol çəkməkdən imtina etdim. Sabaha qədər yuxusuz vəziyyətdə bölmədə qaldım. Sabah, məni məhkəmə önünə çıxardılar. Məhkəmədə ifadə verən həkim onu təhqir etmədiyimi, uca səslə danışdığımı dedi. Hakimə sual verdim ki, nə zamandan uca səslə danışmaq təhqir hesab olunur? Bəlkə qanunda belə bir şey var? Sualıma cavab vermək əvəzinə hakim məndən peşman olub-olmamağımı soruşdu. Cavabımda bir insanın həyatını xilas etdiyimə görə qürur hissi keçirdiyimi və heç bir səhv hərəkət etmədiyimi bildirdim. Məhkəmənin sonunda qondarma qərar oxuyan hakim mənə iki sutka inzibati həbs cəzası verdi. Təzədən polis bölməsinə qaytarıldım və səhəri gün azad edildim".
Müsavatçı gənc üzləşdiyi qanunsuzluqlarla bağlı məhkəməyə müraciət edəcəyini bildirdi: “Yanvar ayında da bu cür haqsızlıqla üzləşərək, 7 sutka inzibati həbs cəzası almışdım. Artıq Azərbaycanın bütün yerlərində olduğu kimi, Ağcabədidə də məhkəmə bərbad vəziyyətdədir. İnsanların hüquqları kobud şəkildə pozulur. Başıma gələn son hadisənin sırf siyasi əqidəmlə bağlı olduğunu düşünürəm. Heç bir günahım yox idi. Bir insanın həyatını xilas etməyimi cinayət törətməm kimi qəbul etdilər. Heç nədən peşman deyiləm. İnsan həyatından önəmli heç nə yoxdur. Bu baxımdan özümlə qürur duyuram. Bununla bağlı məhkəməyə müraciət edəcəm. Lazım gələrsə, Avropa Məhkəməsinə qədər bu işi aparacam”.



























































































