Məktəblərdə NARKOTİK MADDƏLƏRİN satışı – Sosial şəbəkə üzərindən qurulan TƏLƏ

Hazırda oxunan: Məktəblərdə NARKOTİK MADDƏLƏRİN satışı – Sosial şəbəkə üzərindən qurulan TƏLƏ

48127

Son zamanlar sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı halları geniş vüsət alıb. Bu məsələnin ən təhlükəli tərəfi isə qurbanlara azyaşlı məktəblilərin çevrilməsidir. Bu işdə uşaqların qadağa olmadan və nəzarətsiz sosial şəbəkələrdən istifadəsi böyük rol oynayır. 

Artıq Daxili İşlər Nazirliyini də bu vəziyyətlə bağl həyəcan təbili çalmağa başlayıb. Nazirlik valideynlərə müraciət edərək, övladlarının sosial şəbəkə hesablarına nəzarətin gücləndirməsini tövsiyə ediblər. Bundan başqa bir başqa yayılan məlumata görə, isə məktəblərdə narko ticarətlə məşğul olanların azyaşlıları sonradan zərərli maddələrin aludəçisinə çevirmək niyyəti ilə pulsuz paylanılır.

Hadisənin izi ilə...

Məsələ ilə bağlı Bizim.Media-ya danışan DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, orta məktəblərdə şagirdlərə narkotik vasitələrin təklif olunması barədə nazirliyə heç bir fakt daxil olmayıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Sintetik uyuşdurucular hansı BÖLGƏLƏRDƏ istehsal olunur? - HƏYƏCAN TƏBİLİ 


“Buna baxmayaraq bu istiqamətdə Daxili İşlər Nazirliyi maarifləndirici işlərini davam etdirir. Bütün orta və ali məktəblərdə narkotik vasitələrin eləcə də zərərli maddələrdən uzaq durmaq haqqında profilaktik tədbirlər həyata keçirilir. Bu  məsələ hər zaman nəzarətdə və diqqət mərkəzindədir”.

Millət vəkili faktı inkar etmir

Milli məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva qeyd edir ki, hazırda yaranan vəziyyət həqiqətən də çox həyacan vericidir.

“Zaman-zaman Milli Məclisin gündəmində bu müzakirə olunan mövzulardan olub. Çox təəssüf ki,sosial şəbəkələrdə narkotik vasitələrin əsasən azyaşlı istifadəçilərə təklif olunma halları ilə üzləşirik. Mən düşünürəm ki, bu məsələ ətrafında təcili olaraq sosial müzakirələr aparılmalıdır. Bundan başqa bu  yenidən parlamentin gündəminə çıxarıla bilər və lazım olarsa bununla bağlı sərt tədbirlər görülməsi üçün ayrıca qanun layihəsi hazırlana bilər. Yaxud da mövcud cinayət məcəlləsində bu müddəalar nəzərdə tutula bilər”.



Deputat düşünür ki, azyaşlıların sosial şəbəkədən istifadəsinə xüsusi qadağalar qoyulmalıdır.

“Hər yaşın öz psixoloji qavraması var.  Bu gün ailələr uşaqların əlindən smartfonları ala bilmir, bu mümkün deyil.  Təssüflər olsun ki, bu günümüzün pis reallığından biridir və bütün dünyada bu tendensiya davam edir. Sosial şəbəkələr mütləq nəzarətə götürülməli və orada azyaşlılara xüsusi qadağalar tətbiq edilməlidir. Necə ki, uşaq olanda bizə hər kitabı oxumağa icazə verilmirdi, filmlərin üzərində yaş kateqoriyaları qoyulurdu bu cür də sosial şəbəkələrə yanaşmaq lazımdır. Azyaşlı istifadəçilər üçün sərt qadağalar qoyulmalıdır”.

Bəs, azyaşlıların sosial şəbəkələrə daxil olmaları necə nəzarətə götürülməlidir?

İT mütəxəssisi Elvin Abbasov bildirib ki, azyaşlıların ilk növbədə sosial şəbəkələrdə qeydiyyatdan keçməsi valideynlər tərəfindən xüsusi diqqətə alınmalıdır. 

“Çünki sosial şəbəkədə qeydiyyatdan keçdikdə, orada hər istifadəçidən yaş həddi soruşulur. Çünki müəyyən yaş həddinə görə mesajlaşmaya icazə verilmir. Digər tərəfdən müxtəlif ailə qoruma proqramları var bundan istifadə etməklə uşaqları sosial şəbəkə istifadəsini nəzarətdə saxlamaq olar. Bu proqramlarda xüsusi filtirlər var ki, valideyn tərəfindən orada qadağalar qeyd olunur və uşaqların internet saytlarından, sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər yaradır”.

Mütəxəssis deyir ki, burada maarifləndirmənin də rolu böyükdür.

“Məsələnin psixoloji tərəfi isə maarifləndirmə, təlim və tərbiyədir. Valideynlər daima övladları ilə bu barədə profilaktik söhbətlər aparıb, onları maarifləndirməlidir”.

Bəs, bu cür hallarla üzləşən azyaşlılar barədə hansı tədbirlər görülür?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Bizim.Media-ya bildirib ki, bu istiqamətdə mütəmadi olaraq işlər gedir. 

“Bu kimi hallar olduğu zaman Rayon İcra Hakimiyyətlərinə eyni zamanda Daxili İşlər Nazirliyinə rəsmi müraciət olunur. Vəziyyətin qiymətləndirilməsi məqsədilə uşağın saxlanıldığı yaxud qaldığı yerə baxiş keçirilir. Bundan başqa azyaşlı dərhal psixoloji reabilitasiya cəlb olunur. Daha sonra məsələ hüquqi çərçivədə həll olunması istiqamətində aidiyyəti üzrə işlər davam etdirilir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin