Ehtiyac meyarı NƏDİR, ləğv olunsa, NƏ BAŞ VERƏCƏK? - Elman Sadıqovun TƏHLİLİ

Hazırda oxunan: Ehtiyac meyarı NƏDİR, ləğv olunsa, NƏ BAŞ VERƏCƏK? - Elman Sadıqovun TƏHLİLİ

47515

“Ehtiyac meyarının aradan qaldırılması əslində çoxdan gözlənilən bir məsələ idi. Bu tamamilə məntiqli qərar olardı”.

Bu fikirləri Bizim.Media-ya verdiyi müsahibəsində iqtisadçı-ekspert Elman Sadıqov bildirib.

Belə ki, maliyyə naziri Samir Şərifov noyabrın 23-də Milli Məclisin plenar iclasında “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin 2-ci oxunuşunun müzakirəsi zamanı gələcəkdə ehtiyac meyarının ləğv oluna biləcəyi məsələsinə toxunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ehtiyac meyarı artdı - RƏSMİ


Fikirlərinə ehtiyac meyarı anlayışını izah etməklə başlayan Elman Sadıqov bu anlayışın tətbiqinin əsas məqsədlərini də qeyd edib:

“Ehtiyac meyarının Azərbaycanda tətbiqinin yalnız bir məqsədi var. Bu da əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımlarının təyin edilməsidir.

Bu məqsədlə hər il ehtiyac meyarı müəyyən olunur və müvafiq olaraq əhaliyə ünvanlı yardım təyin edilir. Lakin nəzərə almalıyıq ki, bizdə yaşayış minimumu anlayışından da istifadə olunur.
 

Minimum istehlak səbətinin dəyəri ilə icbari ödənişlərin cəmi yaşayış minimumunu təşkil edir. Əslində yaşayış minimumunun qəbulu və məbləği əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minumuna uyğun yardımların təyin olunması üçün kifayət edir”.


İqtisadçının fikrincə, ünvanlı dövlət sosial yardımlarının yaşayış minimumuna uyğun təyin olunması daha ədalətlidir:

"Qeyd edək ki, 2022-ci il üzrə ehtiyac meyarı 200 manat müəyyən olunub. Amma yaşayış minimumu ölkə üzrə 196 manatdan 210 manata qaldırılıb. Təbii ki, ayrı-ayrı təbəqələr üçün də yaşayış minimumunun həcmi fərqlidir. Bu rəqəm 2022-ci il üçün əmək qabiliyyətli əhali üçün 220, pensiyaçılar üçün 176, uşaqlar üçün isə 193 manat müəyyən olunub. Hər bir halda biz bu rəqəmlərin ehtiyac meyarına yaxın olduğunu görə bilərik. Düşünürəm ki, yaşayış minimumunun tətbiqi ünvanlı dövlət sosial yardımlarının təyin olunmasında daha ədalətli ola bilər”. 

Elman Sadıqov ehtiyac meyarının dünya təcrübəsində geniş miqyasda istifadə olunmamasına da diqqət çəkib:

“Dünyanın bir çox ölkələrində, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə ehtiyac meyarı anlayışından ümumiyyətlə istifadə olunmur.
 

İstisna deyil ki, nisbətən zəif inkişaf etmiş və sosial yardıma ehtiyacı olanların sayının çox olduğu ölkələrdə bunun üçün hansısa meyar elan olunub. Ancaq ümumilikdə götürsək, müasir dünyada həm, İEÖ, həm də İEOÖ-də ehtiyac meyarından daha çox, minimum istehlak səbəti və yaşayış minimumu anlayışlarına yer verilir”. 


Elman Sadıqov ehtiyac meyarının ləğv olunacağı təqdirdə sosial yardımların miqdarının daha yüksək olacağını da sözlərinə əlavə edib:

“İstənilən halda yaşayış minimumunun gələcəkdə ehtiyac meyarının yerinə təbiq olunması daha məntiqlidir və bununla bağlı hər hansı problem görünmür. Əksinə, bu halda yaşayış minimumu ehtiyac meyarından daha yüksək olacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin