Torpaqlarımızın azadlığı uğrunda ölümü yaşamaq eşqindən qat-qat uca tutan 2783 qəhrəman Oğlumuzdan biri də şəhid İlyas Nəsirovdur.
O İlyas ki, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdu və mükafatı ona dövlət başçısı özü təqdim etmişdi.
Həyat yoldaşı Aytəkin xanımla danışıram. Onun üçün çox çətin də olsa, güclü durmağa çalışır. Bundan sonra İlyasın dünyalar qədər sevdiyi üç övladını Zibanı, Öməri, Arzumanı tək böyüdəcək. Deyir ki, İlyas onun təkcə ömür-gün yoldaşı deyildi, ən yaxın dostu, hər şeyi idi:
“İlyası sevməyimin əsas səbəblərindən biri də hərbçi olması idi. Hərbçi olduğuna görə onunla ailə qurdum və qürur hissi ilə deyirəm ki, yaxşı ki, İlyas mənim həyat yoldaşım olub, mənim həyatımda olub, onu tanımışam. Ömrünün 15 ili hərbidə keçdi, çox məsuliyyətli idi, ona tapşırılan ən kiçik işi belə böyük sevgi, ürəklə yerinə yetirirdi, bacarıqla öhdəsindən gəlirdi”.
Nəsirov İlyas Arzuman oğlu 1985-ci ilin 4 iyulunda Beyləqan rayonunun Milabad kəndində anadan olub. 2002-ci ildə hərbi xidmətə yollanıb, kəşfiyyat bölüyündə xüsusi təlim keçib. O illər ərzində intizamı ilə seçilən İlyas 2007-ci ildə hərbi xidməti başa vursa da, hərb sənətinə ruhən bağlılığını hiss edir və daha da mükəmməl bilgilərə sahib olmaq üçün müdavim təlimlərinə başlayır. Daha sonra N saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsində çalışır. İşlədiyi müddətdə kiçik çavuş rütbəsinə yiyələnir.
Aytəkin xanım deyir ki, İlyas vaxtının çox hissəsini gecə kəsfiyyatı təlimlərinə sərf edirdi. Aprel döyüşlərində yaralı komandirini mühasirədən xilas edib:
“Lakin heç vaxt özü haqda danışmağı sevməzdi. Həmyaşıdları, özündən yaşca böyük yoldaşları ona "dayı" deyə müraciət edirdilər. Çox sadə və mərd insan idi. Həmişə özündən daha çox başqalarını düşünürdü”
Söhbət zamanı Aytəkin Əliyevadan soruşuram ki, heç bir an da olsa, düşünübmü ki, İlyas bu dəfə müharibəyə getməsin:
“Mən tarix müəlliməsiyəm. Çox vətənpərvər, öz torpağına, dilinə bağlı olan ailədə böyümüşəm. İlyasgilin ailəsi haqqında da eyni sözləri deyə bilərəm. Heç vaxt ağlımdan belə keçməyib. İlyas hərbçi olmaq, vətənini, torpağını qorumaq, onun uğrunda döyüşmək üçün bu dünyaya gəlmişdi”.
Aytəkin xanımla son görüşləri, onu son dəfə gördüyü gündən danışırıq. Sentyabrın 27-də müharibə başlayan gündən İlyas evə zəng etmirdi, hamısı narahat olmuşdu. 3 övladı – Ziba, Ömər, hələ 2 yaşı tamam olmayan Arzuman da “ata gəl” deyərək onu çağırırlarmış:
“Gəldi və son görüşümüz oldu.... Həmin vaxt özümdən asılı olmayaraq yalnız onun gözlərinin içinə baxırdım. Ayrılanda uşaqların üzündən öpdü, qucaqladı və evdən çıxdı. Getməmişdən mənə baxdı və dedi ki, biz azərbaycanlılar torpaqlarımızı geri qaytarmasaq, kim qaytaracaq, bu gün hamımız əsgərik...”
Hətta döyüşlərin birində yaralanıb və hospitala gedib. Yaralarını təmizləyib, sarıdıqdan sonra həkimlər deyib ki, 1-2 gün qalmalısan, amma İlyas razılaşmayıb, döyüşlərə qayıdıb. Oktaybrın 21-də isə son döyüşü olub. Cəbrayıl, Füzluli istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Qəhrəmanlıq nümunəsi olan xüsusi təyinatlı İlyas özündən sonra üç övlad qoyaraq Şəhidlik zirvəsinə ucalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun.
Ağanisə Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 09.12.2020
İki savaşın qəhrəmanı – Xüsusi təyinatlı İlyas
Hazırda oxunan: İki savaşın qəhrəmanı – Xüsusi təyinatlı İlyas
Hazırda oxunan: İki savaşın qəhrəmanı – Xüsusi təyinatlı İlyas
4737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.