Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində hakimiyyətin Rusiyaya meyllənmə sürətinin artması, Azərbaycanın bu ölkənin iqtisadiyyatına 18 milyard dollar vəsait yatırmaq hazırlığı və Qərblə davranışına ətraflı münasibət bildirib.
Moderator.az Ə.Əliyevin
həmin yazısını təqdim edir:
“Dünən baş vermiş qəribə hadisə diqqətimi cəlb
etdi. Azərbaycanda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri A.Ulyükayevlə
azərbaycanlı həmkarı Şahin Mustafayevin görüşündə yerli mətbuat iştirak
etməyib.
Görüşün paytaxtımızda keçirilməsinə
baxmayaraq, yayılan məlumatlardan bəlli olur ki, mətbuatı görüşə nədənsə rus tərəfi
çağırıb. Avrasiya İttifaqı yarandıqdan sonra yəqin rus məmurların Bakıdakı tədbirlərdə
"ağalıq" statusu yaranıb, yoxsa bu "səhv" ictimai fikri
azdırmaq üçün edilir?
Mətbuatın iştirak məsələsi diqqət cəlb edən
məsələdir. Görüşdə müzakirə olunacaq məsələlərin ölkədə danışılmaması üçün
atılan bu addım, digər məqamları ilə də ilgincdir.
Dünən yayılan informasiyalar sırasında Neft şirkətinin
rəhbəri Rövnəq Abdullayevin Rosneft nümayəndəsi Seçinlə görüşü də diqqət çəkəndir.
Yayılan məlumatlardan bəlli olur ki, əməkdaşlığın dərinləşməsi ilə bağlı bir
sıra razılaşmalar əldə edilib.
Bir neçə sual yaranır: Nədən Qərbə yönəlik
anti-təbliğat aparan iqtidar birdən mətbuatdan uzaq görüşdə iqtisadiyyatı çökən,
dünya bazarlarında aktivləri saatbasaat enən Rusiyaya 18 milyard ABŞ dolları məbləğində
vəsait yatırmağa öhdəlik götürür?
Avrasiya iqtisadi sazişi imzalandıqdan sonra
Putinin 2 yaxın şəxsinin Bakıya belə təcili səfərlərinin hansı siyasi məqsədləri
var? “Şanlı” iqtidarımızın son ayda Qərbdən uzaqlaşması fonunda Şərqə və Şimala
dreyfinin mətləbi nədir?
Ötən il may ayında Azərbaycan tərəfi Neft
şirkəti adından Rusiyanın 1-ci beşliyində olan VTB bankının satışa çıxarılmış
külli miqdarda (bir neçə mlrd. dəyərində) səhmlərini aldıqda bunun seçki ilində
həm də kommersiya məqsədi daşıdığı qənaitinə gəlmişdim.
Müstəqillik dövründə Rusiyaya yatırılan rəsmi
kapitalın cəmi 1 mlrd. civarında olduğunu və Azərbaycan ictimaiyyəti üçün
qapalı şəraitdə keçirilən görüşdə bu məbləğin 18 mlrd, yəni 18 dəfə, 1800%
qaldırılması öhdəliyi maraq doğurmaya bilməz.
Azərbaycan
dövlətçiliyinin onurğa sütunu sayılan Neft sənayesinin əsas qurumu SOCAR-ın rus
nəhəngi Rosneftlə şübhəli anlaşmaları da araşdırılmalıdır.
Aydındır ki, iqtisadi xarakterli bu görüşlərin
siyasi xeyir-duasız keçirilməsi mümkün olmazdı.
Maraqlıdır görəsən nədir bu siyasi məqsədlər?
Sözsüz ki, Rusiya qurduğu imperiyaya Azərbaycanı cəlb etmək niyyətindədir. Belə
iqtisadi layihələrlə Kreml Cənubi Qafqazın açar dövlətini yanına almaq istəyir.
Ukraynanı birdəfəlik itirmiş Rusiya kompensasiya kimi Azərbaycanı buraxmaq istəmir.
Bəs onda hakimiyyətin həm ötən il, həm bu il
Rusiyaya güzəşt etdiyi bac nəyə xidmət edir? Burası şox maraqlıdır. Daxili
ictimai dəstəyi kövrək olan YAP iqtidarı anlayır ki, güc vasitəsilə ram
etdirdiyi ictimai fikir şəraitin dəyişməsi ilə ona qarşı çevriləcək.
ABŞ səfiri Morninqstarın qalmaqallı müsahibəsində
hakimiyyətin yekcins olmaması haqda bildirdiyi fikir də dəngənin tez dəyişə biləcəyinə
işarə idi. Hakimiyyət yolayrıcında qalaraq, “Cırtdan”ın nağılında olduğu kimi,
“it hürən, yoxsa işıq gələn tərəf”ə getməsini müəyyənləşdirə bilmir.
Bu səbəbdən öz vəsaitləri kimi münasibət bəslədikləri
dövlət sərmayəsini diversifikasiya etmək qərarına gəliblər. Bir qədər əvvəl
Vyetnamda aparılan danışıqlar, indi isə Rusiyaya yatırılacaq kapitalın
fantosmaqorik məbləğə yüksəldilməsində məqsəd status-kvonu dəyişmək gücündə
olan kənar faktoru zəiflətməkdir.
Bu yolla "həll edilən" digər amil
demokratik standartların carçısı olan Qərbdən məsafə saxlamaqdır. Gələcəkdə
anti-demokratik tədbirlərin həyata keçirilməsi üçün Rusiya daha yaxşı müttəfiqdir.
5-ci il parlament seçkiləri zamanı Ruşaylonun Bakıda keçirdiyi əməliyyatı yəqin
ki, unutmamışıq. İstisna deyil ki, demokratik dalğanın Azərbaycana
yaxınlaşdığını duyan hakimiyyət özü üçün təhlükəsizlik yastığı hazırlayır.
Fikrimcə, bu fikrə düşənlər yanılırlar. Ola bilər
ölkə daxilində proseslərə qiymət verənlər Prezident Adminstrasiyasının rəhbəri,
akademik hörmətli Ramiz Mehdiyevin verdiyi inamlı müsahibəyə istinad edirlər. Mənə
elə gəlir həm Ukrayna hadisələrini, həm də prezident Obamanın West-Point hərbi akademiyasında çıxışını diqqətlə
izləmək lazımdır.
Cırtdanın nağılında qəhrəmanlar uşaq sadəlöhvlüyü
ilə işıq gələn tərəfi seçdilər. Orada onları div yemək istədi. Bu gün bəziləri
bizə işığın Rusiyadan gəldiyini göstərməyə cəhd edirlər. İmperiya divi
oradadır. Digər tərəfdə it hürsə də, bu gözətçi yəqin ki, qaydaların rəmzi
müdafiəçisidir.
Qaydalar isə cəmiyyətimizin inkişafına
lazım olan yerlibazlıq, qohumbazlıq, korrupsiya və rüşvətdən, proteksiya və
monopoliyadan imtinanı, insan haqları və demokrariya, seçki vərdişləri, söz və
düşüncə azadlığı, liberal bazarı-bir sözlə ədalətli rəqabəti nəzərdə tutur”.


































































































