Zəhər dolu Zoologiya İnstitutu - ilansız qalan ilan zavodları

Hazırda oxunan: Zəhər dolu Zoologiya İnstitutu - ilansız qalan ilan zavodları

4733

İlanın ağına da, qarasına da lənət, deyiblər ulularımız. Amma onun zəhərinin nə qədər faydalı olduğundan çoxumuz yəqin, bixəbər deyilik. Azərbaycanda bu mövzu zaman-zaman aktuallaşır və sonra da gündəmi tərk edir. Amma bir qramının qiyməti dünya bazarında barallerlə neftdən baha olan bu starteji məhsul niyə belə uğursuz tale yaşayır?

Bizim.Media mövzunu araşdırıb.

Zirə herpetoloji kombinat 1995-ci ildən bağlanıb

Hətta 1969-cu ildə ölkəmizdə zəhər istehsal etmək üçün herpetoloji kombinat da yaradılıb. Zirədə yaradılan həmin kombinatda 3 minədək zəhərli ilan bəslənilib və onlardan alınan məhsul məlhəm istehsalı üçün Baltikyanı ölkələrə satılıb. Əldə etdiyimiz məlumata görə, hər il ölkəmizdə 20 kiloqram gürzə zəhəri Tallinnə "Viproslav" mazı hazırlanmaq üçün yola salınıb. 

Biologiya üzrə fəlsəfə doktoru, Zirə Herpetoloji Kombinatının keçmiş elmi işçisi Təvəkkül İsgəndərov Bizim.Media-ya açıqlamasında bildirdi ki, SSRİ dağılana qədər kombinat fəaliyyətini davam etdirib.

“İxrac etdiyimiz ilan zəhəri 15 SSRİ və Avropa ölkələrinə satılırdı. “Viproslav” mazına böyük ehtiyac var idi. SSRİ dağıldıqdan sonra əlaqələrin zəifləməsi, ilan zəhərinə olan ehtiyacı azaltdı”. 

Təvəkkül İsgəndərov 1995-ci ildən Zirə Herpetoloji Kombinatın fəaliyyətinin dayandırıldığını və bu günə qədər bərpa olunmadığını təəssüflə bildirdi:

“Bu günki gün hər hansı bir ölkə Azərbaycandan ilan zəhəri sifariş etsə, həmin sifarişin miqdarına uyğun olaraq, biz istehsalı bərpa edə bilərik”. 

Professor istehsalın yenidən başladılmasına ümidli olduğunu, həmçinin istehsal üçün təbiətdən uyğun olan ilanların tapılması, onların bəslənilməsi məsələlərinə də toxundu.
Mütəxəssislərin fikrinə görə də Azərbaycanda ilançılıq sahəsində perspektivlər çox genişdir. Üstəlik, bu sahənin inkişafı böyük sərmayə də tələb etmir və ölkənin aidiyyəti institutları da ilançılığın inkişafına dəstək göstərə bilər. 

Zoologiya İnstitutunda 20 kq zəhər yığılıb qalıb

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda 20 kq-a yaxın ilan zəhəri saxlanır və onun qiyməti 20 milyon dollar həcmindədir. İnstitutdan verilən məlumata görə, Ağsuda yerləşən mərkəzlərində ilandan zəhər alınması prosesi davam etdirilir. Ancaq məhsulun xaricə ixracı ilə bağlı məsələlər həll edilmədiyindən, bu sahəyə maraq o qədər güclü deyil. Ona görə mərkəzdə ilanları bəsləmək üçün heç bir stimul qalmayıb.

Bu məhsulu dünya bazarına əsasən Cənubi Koreya, Çin, Vyetnam, Hindistan kimi Asiya ölkələri, eləcə də isti iqlimə malik digər ölkələr çıxarır. Vaxtilə dünyada kristallaşdırılmış zəhər istehsalının yarısı, kombinatda saxlanılan ilanlardan əldə edilirdi və ölkəmiz zəhər istehsalına görə dünyada Braziliya və Vyetnamdan sonra üçüncü yeri tuturdu.

İlan zəhəri müalicəvi olduğundan çox bahalıdır. Dünya bazarında qurudulmuş ilan zəhərinin bir qramı təxminən 300-800 dollardır. Zəhər təmizlənib sertifikatlaşdırıldıqda isə qiymət 2 dəfəyə qədər artır. Beləliklə, 1 qram ilan zəhəri 40 barel neftin qiymətindən baha olur.

Ən yaxşı zəhərin hansı ilandan alındığı sualına gəlincə isə bu kobra ilanının zəhəridir. Həmçinin hər bir ilan növünün zəhəri ayrı-ayrı xəstəliklərdə istifadə olunur. Kobra ilanının zəhəri sinir-əsəb sistemi ilə bağlı olan xəstəliklərin, gürzə və gürzə kimi ilanların zəhəri ürək-qan-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir.

Zooloqların araşdırmasına görə, ölkəmizdə 29 növdə  ilan var, bunun da 17 növü zəhərsiz, 5 növü yarızəhərli, 7 növü  isə zəhərlidir. Zəhərsiz ilanlar tamamilə təhlükəsizdir. Onlardan kor ilanı, qərb yatağanı, qarabaş rinxokalamus, xaltalı eyreniz, dinc eyreniz, nöqtəli eyrenis, qonur ilanı qeyd etmək olar. Zəhərli ilanlar isə gürzəkimilər dəstəsinə aid olub, zəhəri olduqca təhlükəlidir. Bu ilanların sancması əksər hallarda ölümlə nəticələnir. Ölkəmizdə yayılan zəhərli ilanlar bunlardır: qalxansifət, nəhəng gürzə, radde dağ gürzəsi, dinnik gürzəsi, İrəvan çölgürzəsi, Şamaxı başıqalxanlısı, Lotievi gürzəsi.

Bundan sonra isə ilanlara ehtiyac olmayacaq

Çünki, bu ilin əvvəlində tədqiqatçılar ilk dəfə laboratoriyada ilan zəhəri toksinləri istehsal edə biliblər. Həmin zəhər toksinləri insan orqanlarının yaranmasına uyğunlaşdırılmış texnologiya sayəsində əldə edilən mini vəzlərdən hazırlanır. Tədqiqatçı qrupu Cənubi Afrikadan gətirilən flap kobrası və yeddi digər ilan növünün vəzlərini bərpa edə bilib.

Onların fikrincə, yeni yanaşma zəhər hazırlamaq üçün mövcud üsullar arasında çoxdan gözlənilən idi. Tədqiqatçılar süni şəkildə böyüdülmüş zəhərli vəzlərdə dörd fərqli hüceyrə aşkar ediblər. Onlar istehsal edilən zəhərli peptidlərin bioloji cəhətdən aktiv olduğunu və canlı ilan zəhərində olanlara bənzədiyini təsdiqləyiblər. Həmçinin xarici tədqiqatçılar süni zəhər istehsalının yüz minlərlə insanın həyatını xilas edəcəyinə ümid edirlər.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin