Hesabından pul oğurlanan müştərinin ziyanını kim ödəməlidir? – Bankların CAVABI 

Hazırda oxunan: Hesabından pul oğurlanan müştərinin ziyanını kim ödəməlidir? – Bankların CAVABI 

47303

Son günlər bank kartlarından oğurluq və dələduzluq halları çoxalıb. Mobil operator nömrəsindən özünü bankın nümayəndəsi kimi təqdim edən dələduzlar vətəndaşlara zəng edərək guya bank hesabında aşkarlanan problemə görə kartın nömrəsi və PİN kodunu istəyir. Bəziləri bu mesaja inanaraq şəxsi məlumatlarını qarşı tərəfə ötürür. Dələduz isə bu fürsətdən istifadə edərən müştəriyə məxsus kartdan rahatlıqla pulunu çəkə bilir. Təbii ki, belə bir hal hər bir kart istifadəçisinin başına gələ bilər və bundan demək olar ki, heç kəs sığortalanmayıb.

Amma kartdan pulu oğurlanan müştərini həmin an düşündürən bir sual var. O da kartdan oğurlanmış pullarını geri qaytarmaqdır. 

Qayda belədir ki, kartından pulu oğurlanan müştəri mütləq şəkildə hesabın bağlanması üçün banka, sonra isə polisə müraciət etməlidir. Pulu oğurlanmış müştəri bu müraciətləri nə qədər yubadarsa, o qədər ziyanınadır. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda nə qədər ödəniş kartı var? – Mərkəzi Bank açıqladı


Maraqlıdır, müştəriyə dəymiş ziyan bank tərəfindən kompensasiya edilirmi? Yoxsa dələduzlar saxlanılaraq həbs olunurlar və bununla məsələ bitir? Pulu oğurlanan şəxsə kartından çəkilən vəsaiti kim qaytarır?

Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinov Bizim.Media-ya açıqlamasında bildirib ki, kart dələduzlarından söhbət gedirsə, müştərilərə ilk olaraq platforma barədə bank məlumat verir:

“Yəni kartından pul haradan və necə silinib. Müştəri isə bu məlumatlarla hüquq-mühafizə orqanlarına müraciət edir. Hüquq mühafizə orqanları isə o dələduzun tapılması və pulun qaytarılmsı məsələləri ilə məşğul olur. Biz yalnız istintaqın gedişinə bununla bağlı kömək edə bilərik”, - deyə bank rəsmisi bildirib. 

Qeyd edək ki, digər bankların da təxminən mövqeyi Kapital Bankla eynidir. 

Hüquqşünas Əsabəli Mustafayev isə problemlə belə aydınlıq gətirib:

“Bankda hesab açarkən və ya kart götürərkən ona müdaxilə olunmaması barədə müştəriyə qaydalar izah olunur. Müştəri də bilavasitə özü bu məsələlərlə maraqlanmalıdır. Bəzən müştərilər həmin qaydaları gözləmədən kart nömrəsi ilə yanaşı şifrəni də kənar şəxsə verirlər. Bu halda qaydaları müştəri özü pozmuş olur. Yox əgər kartın təhlükəsizliyinə bankın özündə təminat verilməyibsə, hakker rahatlıqla karta müdaxilə edib, kiminsə pullarını götürə bilirsə, o zaman bank buna məsuliyyət daşıyır. Çünki təhlükəsizliyi tam təmin edə bilməyib. Bu halda bank müştəriyə dəymiş ziyanı tam ödəməlidir”.

Əsabəli Mustafayevin sözlərinə görə müştərinin günahı ucbatından kartındakı pullar çəkilibsə, bu halda o, hüquq mühafizə orqanlarına müraciət edir və günahkar (oğru) tapılıbsa, zərərçəkmişin ziyanını həmin şəxs qanuna uyğun olaraq ödəyir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin