Əsrin zülmü : Hakimiyyət “MSD-Tikinti Quraşdırma” MMC-nin rəhbərinə necə dağ çəkib?

Hazırda oxunan: Əsrin zülmü : Hakimiyyət “MSD-Tikinti Quraşdırma” MMC-nin rəhbərinə necə dağ çəkib?

47019

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına qarşı həyata keçirlən təzyiq siyasəti uzun illərdir ki, ölkə gündəmində əsas müzakirə mövzusuna çevrilən, eləcə də beynəlxalq təşkilatların hesabatında əks olunan əsas problemlərdən biridir.

Bugünlərdə Moderator.az-a hakimiyyət təmsilçiləri tərəfindən sıxışdırılan və nəhayətdə ölkədən qaçaq düşən iş adamlarından biri - “MSD-Tikinti Quraşdırma” MMC-nin rəhbəri Azər Kazımovla bağlı maraqlı informasiya daxil olub. A.Kazımovun Avropa Oyunları ərəfəsində ölkə paytaxtında nəhəng idman komplekslərinin inşasına cəlb edildiyini bildirən mənbə, bundan sora iş adamının sözün həqiqi mənasında “oyuna düşdüyünü” bildirib.

 

Dövlətə inandı, dövlətsiz qaldı...

 

Mənbənin sözlərinə görə, Avropa Oyunları ərəfəsində idman komplekslərinin inşasında yer alan və bu komplekslərin inşasına milyonlarla manat vəsait sərf edən A.Kazımov, daha sonra ağlına belə gətirmədiyi mənzərə ilə qarşılaşıb:

“Avropa Oyunları ilə bağlı çoxsaylı idman komplekslərinin inşasına cəlb edilən şirkət Avropa oyunlarının keçiriləcəyi Olimpiya Stadionun inşa ediləcəyi ərazinin tikintiyə hazırlanması işlərinə cəlb olunur. “MSD-Tikinti Quraşdırma” MMC, qısa müdddətdə ciddi nəticələr ortaya qoyur. Stadionun tikintisi uçun ayrılmış sahə uzun illər ərzinde neft mədənlərinin açıq neft anbarı ve sonralar qazma və emal zamanı yaranan neft tullantılarının yığıldığı bataqlıq bir ərazi olmuşdur. Bu sahədə böyük təcrübəyə, xarici tərəfdaş və mütəxəssislərlə sıx əlaqəyə malik olan şirkət işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan bütün resursları işə cəlb edir. Belə ki, “MSD-Tikinti Quraşdırma” MMC-nin rəhbərliyi növbəli və fasiləsiz iş rejiminə keçməklə, işlərin yerinə yetirilməsi üçün lazım olan bütün inşaat materiallarını və mütəxəssisləri işə cəlb edərək öhdəsinə götürdüyü məsuliyyətli bir işi yüksək keyfiyyətlə vaxtında təhvil verilməsini təmin edir. Məhz bütün bunlardan sonra ”“ çəkdikləri zəhmətin müqabilində əmək haqqı gözləyən “MSD-Tikinti Quraşdırma” MMC-nin kollektivi gözləmədiyi halda əcaib mənzərə ilə üzləşir. Belə ki, bütün tikinti işlərinin əsas hissəsini öz büdcəsi hesabına həyata keçirən şirkət yerinə yetirdikləri işin haqqının ödənilməsi məsələsində ağlasığmaz bir mənzərə ilə rastlaşır. Yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi süni şəkildə yubadılmağa başlanır. Baş verənlərə haqlı etirazını bildirən şirkət rəhbərliyi isə çox ciddi təzyiqlərlə üzləşir. Yaranmış problemin çözülməsi məqsədilə şirkətin rəhbərliyi Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri ilə görüşməyə cəhd etməsi durumu daha da kritik həddə çatdırır. Belə ki, “MSD-Tikinti Quraşdırma” MMC-nin rəbəri A.Kazımova bildirilir ki, onlara bir qəpik də olsun vəsait ödənilməyəcək. Buna səbəb kimi iş adamına ölkədəki maliyyə və iqtisadi böhran göstərilir. Bildirilir ki, dövlətin əsas maliyyə ehtiyatları Avropa Oyunlarının təkilatçılığına, oyunların keçirilməsi üçün gərəkli olan idman komplekslərinin, infrastrukturun formalaşdırılmasına sərf olunub. Buna görə də, büdcədə pul yoxdur və hər hansı ödənişdən söhbət gedə bilməz”.

 

Fəhlə qiyamı və ya iş adamı günahsız günahkar vəziyyətində

 

Mənbənin sözlərinə görə, dövlətə, onun vədinə inanan, bu inamına görə sonda müflis vəziyyətinə salınan A.Kazımov, baş verənlərdən sonra olduqca acınacaqlı durumla üzləşir. Belə ki, xaricdən gətirilən texnika və avadanlıqlar ilə yanaşı, “MSD-Tikinti Quraşdırma” MMC-nin nəzdində idman komplekslərinin tikintisində çalışan yüzlərlə fəhlənin əmək haqqını verə bilməyən A.Kazımov, bütün instansiyalara müraciət edərək üzləşdiyi problemin həllinə yardım göstərilməsini tələb edir. Lakin bu müraciətlər heç bir səmərə vermir, tam əksinə olaraq bütün dövlət orqanları Təşkilat Komitəsinin rəhbərliyinin göstərişi ilə müxtəlif bəhanələrlə şirkətdə yoxlamalar aparmağa başlayır. Problemin həllinin uzanması və bütövlükdə həlli perspektivi ilə bağlı yaranan ümidsizlik A.Kazımov tərəfindən idman komplekslərindəki tikintiyə cəlb edilən fəhlələrin ciddi narazılğına səbəb olur. Nəticədə “fəhlə qiyamı” baş verir ki, bu qiyam güc orqanları tərəfindən onların dili ilə desək “qətiyyətlə” yatırılır. Şirkət rəhbərliyi isə qiyamın təşkilatçılığında suçlandırılaraq hakimiyyət orqanlarının “qara siyahısı”na salınır. Daha bir müddət öz haqqı uğurunda mübarizə aparan A.Kazımov sonda başa düşür ki, işin icrasına sərf etdiyi vəsaiti geri ala bilməyəcək. Odur ki, bütün maddi gücünü səfərbərliyə alan iş adamı bəzi obyektlərini satmaq hesabına fəhlələrin əmək haqqını ödəməyə nail olur. Lakin xaricdən gətizdirdiyi texnika və avadanlıqların pulunu tam ödəyə bilməyən A.Kazımov bu kəs son cəhd kimi ali məmurlara, yuxarı instansiyalara üz tutur. Bu cəhd isə onu bütün mal varlığından məhrum edir. Çarəsiz qalan iş adamı müflis olması və rəhbərlik etdiyi “MSD-Tikinti Quraşdırma” MMC-nin bu səbəblərdən fəaliyyətinin dayandırılması haqqında Vergilər Nazirliyinə rəsmi bildiriş göndərir.

 

İş adamının əmlakı əlindən alınır...

 

Mənbənin sözlərinə görə, A.Kazımovun heç cür öz haqqı uğrunda mübarizədən imtina etməməsi hakimiyyətin ciddi narazılığına səbəb olur və sonda hakimiyyət iş adamını anti-dövlət və müxalifətçi mövqeyində ittiham edərək onun bütün əmlakına əl qoyur:

A.Kazımovun öz haqqını tələb etməsini heç cür həzm edə bilməyən hakimiyyət sonda “MSD-Tikinti Quraşdırma” MMC rəhbərinin bütün əmlakına əl qoymağı, özünü isə həbs etməyi qərara alır. Məlum qərarın ardınca iş adamına məxsus bütün avtomobillərə əl qoyulur. A.Kazımova məxsus evlər, obyektlər də qeyri-qanuni şəkildə müsadirə edilir. Bir anın içində illər uzunu min bir zəhmətlə əldə etdiyi sərvətdən tamamilə məhrum edilən A.Kazımov, məcburiyyət qarşısında bütün həyatının ən çətin qərarlarından birini qəbul edir. Artıq bu ölkədə haqq-ədalət uğrunda mübarizə aparmağın qeyri-mümkün və ölümcül olduğunu dərk edən iş adamı, ölkəni tərk etməyi qərara alır. Avropa Oyunları zamanı öz malı və canı bahasına dövləti bütün dünya qarşısında üzüağ çıxaran iş adamı hakimiyyətin əl qoyduğu milyonlarına vida edərək ölkəni tərk edir.


Əsrin zülmü : Hakimiyyət “MSD-Tikinti Quraşdırma” MMC-nin rəhbərinə necə dağ çəkib?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin