Cəzaların ağırlığı yol hərəkəti təhlükəsizliyini təmin edə bilməz

Hazırda oxunan: Cəzaların ağırlığı yol hərəkəti təhlükəsizliyini təmin edə bilməz

46920

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi (DİPM) İctimai Birliyinin həyata keçirdiyi “İctimai təhlükəsizliyin və sürücülük mədəniyyətinin artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə son vaxtlar ölkəmizdə tez-tez baş verən yol-qəza hadisələrinin səbəblərinin onun iştirakçıları ilə birgə - sürücü və piyadalarla müzakirəsi təşkil olunub. 

İştirakçıları salamlayan DİPM sədri Mütəllim Rəhimov bildirib ki, Respublikamızda son vaxtlar avtomobillərin sayının artması özü ilə bir sıra problemlər də gətirib. O deyib ki, dünyanın bir sıra ölkələrində yaranmış maliyyə böhranına baxmayaraq Respublikamızdakı iqtisadi inkişaf əhalinin gəlirlərini artırır və onlar da bu vəsaitləri öz həyat şəraitlərinin daha da yaxşılaşdırılmasına sərf  edirlər ”“ avtomobillər alırlar  və bu proses davam etməkdədir. Rəsmi statistikaya əsasən hazırda ölkəmizdə 1.3 milyona yaxın avtomobil vardır ki, bunların da 850 minə yaxını Bakının payına düşür. Belə ki, 2002-ci ilin sonunda ölkədə hər 100 ailədən 19-nun şəxsi avtomobili vardısa, indi 100 ailədən 50-yə yaxınında avtomobil var. Avtomobillərin sayının birdən-birə, bu səviyyədə artması əhalinin texnika ilə davranış mədəniyyətinin formalaşmasına imkan verməyib və proporsiya pozulub. Hətta piyadalar da avtomobillərin sayının qısa müddət ərzində belə artması ilə uyğunlaşa bilmirlər və bu onların rəftarlarında, yaşadıqları gərginliklərindən də görünür. Elə bütün bunlar yol qəza hadisələrinin baş verməsinə səbəb olur. Problemin açıq-aydın ortada olduğunu deyən DİPM sədri onun aradan qaldırılması üçün təkcə cəzaların sərtləşdirilməsinin yetərli olmadığını da iştirakçıların diqqətinə çatdırıb.

Piyadalarla sürücülərin yol hərəkəti qaydalarının pozulmasında eyni dərəcədə məsuliyyət daşıdığını bildirən Elçin Qurbanov maarifləndirmə tədbirlərinin daha geniş şəkildə aparılmasının zəruriliyini vurğulayıb. O deyib ki, yollarda baş verən faciələrin qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin orta məktəblərdən başlanılması zəruridir. E.Qurbanov orta məktəb şagirdlərinə yol hərəkəti qaydalarının və davranış mədəniyyətinin tədris edilməsini təklif etdi. O, təklifini müvafiq qurumların diqqətinə çatdırmağı xahiş etdi. Yol hərəkəti qaydalarını pozan piyadalara qarşı cərimələrin tətbiq olunmasını təqdir etdiyini deyən E.Qurbanov, eyni zamanda, qeyd edib ki, cəzaların sərtliyi problemin həlli deyil. Buna görə də ictimai rəyin nəzərə alınması lazımdır. E.Qurbanov təklif etdi ki, piyadaların ilk dəfə qaydanı pozması xəbərdarlıqla əvəz edilsin, bu hal təkrar olunarsa, o zaman 20 manatlıq cərimə cəzası tətbiq edilsin. “Cəzaların humanistləşdirilməsi qayda-qanunlara riayət olunmasını təmin edər”.

Tədbirdə çıxış edən Çingiz Dadaşov qeyd edib ki, rəsmi statistikadan da göründüyü kimi ölkəmizdə hər gün 3-5 avtomobil qəzası baş verir. Nəticədə bu qəzalarda bədbəxt hadisələr baş verir, ölənlər olur. Ailələr başsız qalır, dul qadın körpə uşaqları ilə cəmiyyətdə çoxsaylı problemlərlə üz-üzə qalmalı olur. Üstəlik bu cür başsız ailələrin gələcək sosial təminatı ilə bağlı yetərli qanunvericilik bazası da yoxdur. Ona görə də avtomobil qəzalarının baş verməsi ilə nəticələnən ölüm halları çoxsaylı ailələrdə uzun sürən psixoloji gərginlik yaradır, hətta onların təklənməsinə gətirib çıxarır. Onlar cəmiyyət üçün faydalı şəxs statusundan çıxaraq, pessimist insana çevrilirlər. Hətta cəmiyyətin özü üçün təhlükəyə dönürlər.

Tədbirdə həmçinin ictimai təhlükəsizliyin və sürücülük mədəniyyətinin artırılması məqsədilə bir sıra əlavə təkliflər də səsləndirilib. Əsas diqqətin yol hərəkəti iştirakçılarının ”“ sürücülərin və piyadaların maarifləndirilməsinə yönəldilməli olduğu vurğulanıb. Bunun üçün tədbir iştirakçılarının vəzifələri də izah olunub. Sonda iştirakçılara yol hərəkəti təhlükəsizliyini təbliğ edən bukletlər paylanılıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin